Ana və uşaq ölümündə təqsirli bilinən həkim cəzalandırıldı - İsmayıllıda

2 İyul 2013 13:59 (UTC+04:00)
İsmayıllıda ana və yenicə dünyaya gələn uşağının ölümündə təqsirli bilinən həkim cəzalandırılıb. Modern.az-ın məlumatına görə, ötən həftə baş verən olayda xəstə sahibləri xəstəxanada qarşıdurma yaradaraq tibb işçilərinə hədə-qorxu gəlsələr də doğuş aparan həkim nə işdən uzaqlaşdırılıb, nə də cinayət məsuliyyətinə cəlb edilib.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin göstərişi ilə həkim Məlahət Hüseynovaya 6 ay müddətinə doğuş əməliyyatına girmək qadağan edilib.

Xəbəri Modern.az-a İsmayıllı rayon Mərkəzi Xəstəxanasından da təsdiq ediblər. Bildirilib ki, həkim daxili qərarla doğuş əməliyyatlarından uzaqlaşdırılıb, amma həkim fəaliyyətini davam etdirir.

Əldə etdiyimiz məlumata görə, həkim Məlahət Hüseynova ilə bağlı şikayətlə bağlı hazırda rayon prokurorluğunda iş aparılır.

Xatırladaq ki, iyunun 28-də doğuş üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən rayon sakini Ağabalayeva Şəhla Aydın qızı əməliyyat zamanı körpəsi ilə birgə dünyasını dəyişib. Lahıc qəsəbə sakini olan ana və uşağın qohumları onların həkimin səriştəsizliyi ucbatından öldüyünü iddia edərək xəstəxanaya hücum çəkmişdilər. Onları sakitləşdirmək üçün əraziyə polis çağırılmışdı.

AzNews.az