Qərbin yunan kartı

16 İyun 2022 10:21 (UTC+04:00)

Osmanlı İmperatorluğunun tərkibində 1458-1829-cu illər ərzində heç bir diskriminasiya və etnik təqiblərə məruz qalmayan yunanlar bugün Türkiyəyə və türklərə qarşı düşmən mövqelərini gizlətmirlər.

Mayın 17-də ABŞ-ın paytaxtı Vaşinqtonda Yunanıstanın müstəqillik savaşının iki yüzilliyinə həsr olunan tədbirlərə gedən Yunanıstanın baş naziri Miçotakis Ağ Evdə ABŞ lideri Co Bayden ilə görüşüb. Yunan bayrağının rənglərində mavi-ağ qalstuk taxan ABŞ lideri Miçotakisi "Mən Co Bidenopulosam" ifadəsi ilə qarşılayıb.
Miçotakis ABŞ Konqresindəki çıxışında Türkiyəni hədəf alıb və Türkiyənin proqramdan kənarda qaldığı F-35 təyyarələrinin Yunanıstana satışı Vaşinqtonda da müzakirə edilib.
Miçotakis ABŞ Konqresində Kiprdə iki dövlətli həll variantını əsla qəbul etməyəcəklərini vurğulayaraq, Türkiyəyə qarşı ittihamlar da səsləndirib. Son 48 ildə Kiprin bölünməsindən danışaraq, bu məsələnin beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməli olduğunu bildirib.
Yunanıstanın baş naziri Kiryakos Miçotakisin Vaşinqtona səfəri ilə pozulan Türkiyə-Yunanıstan münasibətlərindəki gərginlik azalmır.
Ərdoğanın dik duruşundan, eləcə də apardığı müstəqil siyasətdən narahatlıq keçirən ABŞ, Türkiyənin planlaşdırdığı iki addımı- beynəlxalq müqavilələrə görə silahsız qalmalı olan Egey dənizi adalarının “statusunu” Birləşmiş Millətlər Təşkilatına (BMT) çatdırmaqla “rəsmi meydan oxumağa” başlaya biləcəyini və Aralıq dənizinin şərqində qazma işlərinə başlayacağını önə çəkərək, bu gərginliyi daha da artırır. Türkiyənin bu addımına cavab vermək üçün Afina keçən ay adaların 'statusu' ilə bağlı BMT-yə məktub təqdim etdiyini qeyd edir.
Yunan mətbuatı Rodos ilə Krit arasındakı məsafəyə işarə edərək Türkiyə ilə Yunanıstan arasında mümkün müharibəni də önə sürür.
Egey adalarında Türkiyə-Yunan müharibəsi nə dərəcədə mümkündür?
Düşünürəm ki, NATO-nun iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammiti bu gərginliyin konturlarını çizəcək.
Afinanın əsas hədəfi NATO sammitidir. Burada Türkiyə alyans üzvlərinə şikayət edəcək. Ən mühüm mövzu ABŞ prezidenti Co Baydenin Madriddə prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb-görüşməyəcəyidir.
“Efes-2022” təliminin son günündə İzmirdə kürsüyə çıxan prezident Ərdoğanın açıqlamaları da Yunanıstanda zəlzələyə səbəb olub. Ərdoğanın "Zarafat etmirəm, ciddi danışıram. Bunun sonu fəlakətlə bitəcək. Onu bir əsr əvvəl etdiyi kimi peşmançılıqla nəticələnəcək hərəkətlərdən uzaq durmağa və ağlı başına gəlməyə dəvət edirik" açıqlaması Yunan mediasında 'yeni Kiçik Asiya fəlakəti' təhdid edir!' başlıqları altında təqdim olunur.
Yunanıstan Xarici İşlər Nazirliyi isə tələsik 16 xəritə dərc edib.
Xatırladım ki, 2020-ci ilin yayında Türkiyə-Yunanıstan münasibətlərində, xüsusən də Şərqi Aralıq dənizində böyük qarşıdurma yaşandı. Türkiyə Aralıq dənizinə hərbi gəmilərin müşayəti ilə araşdırma gəmisi göndərdi. ABŞ, həmçinin Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, hətta Səudiyyə Ərəbistanı ilə təlimlərə başladı. Afina administrasiyası son iki ildə silahlanmaya milyardlarla avro xərcləyib.
Yunanıstan Fransadan “Rafale” reaktiv təyyarələri və döyüş gəmiləri alıb, Paris isə ötən mart ayında “Şarl de Qoll” təyyarədaşıyan gəmisini paytaxt Afinaya göndərib.
Gərginlikdə açıq şəkildə Yunanıstanın tərəfini tutan ABŞ Krit adasındakı Suda bazasına təyyarədaşıyan gəmi göndərib. 22 döyüş gəmisi və 5600 əsgərdən ibarət USS Dwight D. Eisenhower-in rəhbərlik etdiyi Zərbə Qüvvələri Yunanıstanı dəstəkləmək üçün ABŞ tərəfindən Şərqi Aralıq dənizinə göndərilib.
Türkiyə Yunanıstanın reaksiyasını yoxlamaq üçün Egey dənizinə və ya Şərqi Aralıq dənizinə yeni tədqiqat gəmiləri göndərə bilər. Sözügedən addımdan həm Yunanıstan Xarici İşlər Nazirliyinin, həm də Müdafiə Nazirliyinin dəhlizlərində danışılır.
Zənnimcə prezident Ərdoğanın “Artıq mənim üçün Miçotakis yoxdur” ifadəsi Vaşinqton turundan sonra şən keçən Afinadakı atmosferi dağıtmağa kifayət etdi.
Əslində 2020-ci ilin yayından etibarən demək olar ki, hər həftə Yunanıstan ordusu ilə təlimlər keçirən ABŞ-ın marağı təkcə Aralıq dənizi ilə məhdudlaşmırdı. Yunan və Amerika xüsusi təyinatlılarının əsgərləri Kritdən Salonikiyə qədər demək olar ki, bütün Egey dənizini əhatə edən birgə təlimlərdə iştirak ediblər.
Geopolitik yanaşsaq, bütövlükdə Avrasiya məkanında, xüsusən dünya iqtisadiyyatının ruporu olan Aralıq dənizi hövzəsində qalıcı prizma yaratmaq üçün ABŞ-ın Yunanıstanda daha bir neçə daimi bazalar əldə etməyi hədəflədiyini aydın sezərik.
ABŞ hazırda Yunanıstanın əlində olan F-16 döyüş təyyarələrini modernləşdirir. Türkiyəni F-35 proqramından çıxaran Vaşinqton Yunanıstana döyüş təyyarələrinin çatdırılmasını gündəmə gətirib.
Ərdoğanın dediyi kimi, Türkiyə isə gücünü Yaradandan və millətdən alır. Özünün müstəqil hərbi-sənaye kompleksini modernləşdirən Türkiyənin qərbin yunan kartını da dəf edəcəyi şübhəsizdir.

Züriyə Qarayeva