Qüdrət Həsənquliyev: “Elmə pul ayırmadan onu inkişaf etdirmək mümkün deyil”

17 İyun 2022 14:24 (UTC+04:00)

Parlamentin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev hökumət üzvlərinin də müzakirələrdə iştirakını nəzələ alaraq ölkə iqtisadiyyatı ilə bağlı bəzi məsələlərə diqqət çəkdi. Bildirdi ki, ölkənin büdcə gəlirləri 26,3 milyard olub. Bunun 11,350 milyardını Neft Fondu ödəyib, dövlət müəssiələri isə 1,6 milyard vergi ödəyib: “Səhmlərində dövlətin payı olan cəmiyyətlər 168 milyon əvəzinə, 127 milyon ödəyib, onun 120 milyonunu Beynəlxalq Bank ödəyib, 7 milyon manatını isə digərləri. Söhbət 4500 dövlət müəssiəsindən gedir”.

Q.Həsənquliyevin sözlərinə görə, büdcə gəlirlərinin əsas hissəsini dövlət müəssisələri ödəməlidir: “Faktiki şəkildə bu, o deməkdir ki, həmin müəssisələr vergi ödəmirlər. Biz hər dəfə bu müəssisələr niyə özəlləşdirilmir, sualını verəndə deyirlər ki, bu, doğru yol deyil. Yaxşı, doğru yol nədir?”

Q.Həsənquliyev dedi ki, 2021-ci ildə ÜDM-də elm xərcləri 0,2 faiz, təqribən 180 milyon manat olub, bu da çox azdır. Azərbaycanın İsraildən silah almasından bəhs edən deputat bunun səbəblərindən bəhs edərkən “ona görə ki, İsrail elmə bizdən 20 dəfə artıq vəsait ayırır. Elmə pul ayırmadan onu inkişaf etdirmək mümkün deyil”, söylədi.

Q.Həsənquliyev ölkədə yoxsulların sayının artdığını da söylədi: “Olmazmı ki, ehtiyac meyarının həddini artıraq? Bu sahəyə 168 milyon manat az vəsait xərclənib”, deyən deputat ardınca bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi 5 ildir ki, təyin olunub: “Amma hələ də araşdırmaların aparıldığı, müəyyən vəsaitlərin kəsildiyi, qənaət edildiyi deyilir. Bu işlər ilk altı ay ərzində başa çatdırılmalı idi. Hər il bu qədər vəsait kəsilirsə, demək iş düzgün qurulmayıb. Ora bir müharibə iştirakçısı, yoxsulluğun, kasıblığın nə olduğunu bilən bir insan təyin olunsaydı, bundan vətəndaşlarımız da faydalanardı”.