Bonusla dolamaq

2 İyul 2013 15:34 (UTC+04:00)
Camaatımızın fırıldaq işində yüksək nəticələr əldə etməsindən həmişə məmnun olmuşuq. Məsələn, hardasa 5-6 il qabaq Almaniyada dəmiryolu biletlərini saxtalaşdıran və bu işdən milyonlarla avro qazanc götürən mafiya şəbəkəsi aşkar edilmişdi, onun rəhbəri azərbaycanlı bir qardaşımız idi. Kim bilir, bəlkə də o, burdan rejimin repressiyalarından qaçıb gedənlərdən idi, ola bilsin hakimiyyətdəki fırıldaqçılar ona həyat şəraiti yaratmamışdılar. Həmin qardaşın fəaliyyəti sayəsində almanlar məcbur oldular bütün dəmiryolu biletlərinin hazırlanması üsulunda dəyişiklik etsinlər. Hər halda, bütün dünyaya qanun-qayda, texniki standartlar öyrədən almanların işində boşluq tapdığı üçün soydaşımızla qürur duyduq.

Bəzən bu bacarıq və istedad ikinci nəsildə, xaricdə də üzə çıxır. Məsələn, dünya şöhrətli alim Lütfi Zadə bizim yerlimizdir, Bakıda doğulub, uşaq vaxtından çıxıb gedib Amerikaya. Orda onun bir oğlu dünyaya gəlibdir, adı Norman Zadə-dir, bu qardaşımız heç Azərbaycanın üzünü də görməyibdir. Ancaq atasının yolu ilə gedərək riyaziyyat üzrə yaxşı bir alim olubdur və kitab yazıbdır. Hazırda onun kitabı Amerika "oxucuları" arasında çox populyardır. Sizcə kitab hansı mövzudadır? Bəlkə üçüncü dünya ölkələrinin ərzaq təhlükəsizliyinə yardımdan bəhs edir? Ya Marsa uçmağın texniki parametrlərini hesablayıb? Tapa bilmədiniz. Əgər adam belə səfeh, gəlirsiz, humanist mövzularda-zadda eşələnsəydi daha nəyi bizim yerlimiz olardı? Damardan axan qan, genetik kodlar necə olsun bəs?! Nə isə, Norman Zadənin kitabının adı belədir: "Poker oyununda qələbə variantları". Adam neçə il oxuyub, riyaziyyat doktoru olub ki, axırda qumar oynayan zaman neçə uduş variantı olduğunu, qalib gəlmək üçün nə etmək lazım gəldiyini hesablasın. Sitatın sonu. Şərhsiz. Yaxud, Sovet dövrü "Kirpi" jurnalının karikaturalarının altında yazılan kimi: "Sözsüz".

Sovet demişkən, SSRİ dağılandan sonra fırıldaqçı maliyyə piramidaları yaratmaq işində də xeyli qabağa getmişdik. Məsəl üçün, əgər Rusiyada bir-iki "MMM", "Xopyor-invest" kimi piramidalar var idisə, bizdə "Vahidbank"dan "Aleks" firmasına qədər onlarla qurum camaatın olan-qalanını sümürdü apardı.

Son illərdə muncuq düzənlərdən tutmuş, ayı qanı ilə xərçəngi müalicə edənlərə qədər cürbəcür milli fırıldaqçılarımız ortalıqda meydan sulamışdır. İndi sizə haqqında yazacağım fakt isə belə baxanda fırıldaq kimi görünmür. Ancaq istehlakçıları aldatmaq, yalan yerə şirnikləndirmək baxımından unikaldır.

Yəqin diqqət eləmisiniz, son zamanlar Bakıda bəzi supermarket zəncirləri peyda olubdur. Reklam və ya antireklam olmasın deyə, adlarını yazmıram, özünüz başa düşəcəksiniz söhbət hansı dükanlardan gedir. Uzun sözün qısası, bu dükanlardan nəsə alıb çıxmaq istəyəndə adamın zəhləsini tökürlər: "Bonus kartınız varmı? Yoxdursa verək. Ayə, Ağaqulu, ordan bir kart gətir!".

Guya bu bonusları yığıb axırda dükandan hədiyyə udmaq mümkün imiş. Hər 10 manatlıq alver 1 bonusdur. 20 gün alver etməyəndə bonuslar sıfırlanır. Ümumən bonuslar 1 illikdir, yəni, hər ilin tamamında da sıfırlanır. Ən ucuz hədiyyə 68 bonusluq mətbəx tərəzisidir. Yəni, bu 10-15 manatlıq mənasız əşyanı udmaq üçün bu dükandan 680 manatlıq alver eləməlisən.

Ən gülməlisi isə İPad-in bonusudur - 2560! Hazırda bazarda qiyməti 400-500 manat olan bu qurğunu udmaq üçün həmin dükandan 25.650 (iyirmi beş min altı tüz əlli) manatlıq alver eləmək lazımdır. Təsəvvür edirsinizmi?

Əgər eləmirsinizsə, camaatı dolamağın bu üsulunu daha da xırdalayaq. Tutaq ki, bir adam ildə 25 min 650 manatı həmin dükanda xərclədi və axırda xoşbəxt olub İPad qazandı. Həmin vəsaiti 12 aya böləndə, adam orta hesabla o dükandan hər ay 2.133 manatlıq mal almalıdır! İndi yada salaq, görək Azərbaycanda hansı adamın bu qədər orta aylıq maaşı var? Hələ nəzəri olaraq hesab edək adam başqa heç nəyə pul xərcləmir.

Deyəsən ancaq dövlət başçısının o bonusu udmaq imkanı var – maaşı 15 min manatdır.

AzNews.az