Dini fundamentalizmin Azərbaycanda özülü yoxdur

24 İyun 2022 16:09 (UTC+04:00)

Azərbaycanda dini fundamentalizm üçün təməl, özül yoxdur, heç zaman olmayacaq da. Çünki bizim əhalimiz tarixən "şifahi islam"ı və sufizmi etiqad kimi qəbul edib.

1501-ci ildə Azərbaycanda Səfəvilər dövləti quruldu, dövlət şiəliyi rəsmi ideologiyası elan etdi. Ancaq tezliklə məlum oldu ki, qurucu türk tayfaları arasında şiə üləmalar yoxdur.

Bu gün Azərbaycan respublikasının əhalisinin böyük hissəsi şiədir. Bu fakt Azərbaycanda etnik qarşıdurma yaratmaq istəyinlərin məramına kölgə salır. Çünki məhz şiəlik Azərbaycan türkləri ilə talışlar, kürdlər, tatlar və digər etnoslarla ideoloji bağ yaradaraq AZƏRBAYCAN XALQını üzə çıxarır. Ölkəmizdə üst kimlik Azərbaycanlılıqdır. İslamın ənənəvi sünni məzhəbinin nümayəndələri isə, ölkəmizdə daha çox Azərbaycan türkləridirlər. Bu üzdən üst kimliyi məzhəblər üzərindən sual altına almaq da mümkün deyil.

Bir sözlə, Azərbaycanda dini zəmində qarşıdurma yaratmaq cəhdləri qeyri-ənənəvi cərəyanların ixracına əsaslanır.

Ölkəmizə üç əsas qeyri-ənənəvi cərəyan ixrac olunub və olunur:

1) İrandan Xomeyniçilik. Xomeyniçilik qızılbaş sufizminə qarşı formalaşmış, əsas mexanizmi "mərceyi təqlid"çilik olan və şiəliyin tarixi ənənəsindən və fəlsəfəsindən uzaqlaşmış şovinist fars ideologiyasıdır. Bu ideologiyanın tarixi kökü Şüubiyyədir və üç ANTİ üzərində qurulub: Anti-Ərəb; Anti-Azərbaycan (anti-Babəkiyyə) və Anti-Türk (Moğollar Abbasi xəlifələrini oyuncaq hala gətirmiş, Sultan Səlim Yavuzdan başlayaraq isə Osmanlı padşahları Xəlifə tituluna yiyələnmişdi).

2) Səudiyyə Ərəbistanından Sələfilik/Vəhhabilik. Bu cərəyan anti-türk, anti-Osmanlı kökənə malik ərəb milliyyətçiliyi, əməvizmdir.

3) Türkiyədən Fətullahçılıq. Fətullah Gülən tərəfdarlarının Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra onların əl-qolları Azərbaycanda da bağlanıb, ancaq təsir rıçaqlarını hələ də saxlayırlar.
Ölkəmiz üçün qeyri-ənəvi olan bu üç cərəyanın hər biri ilk növbədə cəmiyyətin sosial həmrəylik strukturunu hədəfə alır, bununla dövlət təhlükəzliyinin əsaslarını sarsıtmağa zəmin hazırlayır. Bu da təsadüfi deyil. Çünki həm 20-ci əsrin əvvəllərində, həm də sonlarında Azərbaycan türkləri, talışları, kürdləri, tatları, ləzgiləri, bütün şiə və sünni qrupları AZƏRBAYCANLI üst kimliyində birləşərək DEMOKRATİK RESPUBLİKA modelini seçib. Respublikaçılıq Azərbaycan cəmiyyətinin milli və dini həmrəylik institutu olmaqla sosial strukturumuzun bəhrəsi, ulus olaraq dövlətçilik identifikasiyamızdır.

Taleh ŞAHSUVARLI