BDU-nun "Məzun günü" keçirilib

29 İyun 2022 18:43 (UTC+04:00)

Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin "Məzun günü" keçirilib.

Aznews.az xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, millət vəkilləri, universitet rəhbərliyi, müəllim və məzunlar iştirak edib.

BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyətindən, son illərdə görülən işlərdən danışıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"103 il bundan əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə bu gün 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25 000-ə yaxın tələbə təhsil alır, 3000-ə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Universitetdə 2 elmi-tədqiqat institutu, Mükəmməllik Mərkəzi, araşdırma və tədris laboratoriyaları, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, "Gənc istedadlar" liseyi fəaliyyət göstərir.

Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində 200 min nəfərədək mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib. BDU-nun məzunları tarix boyu ölkə quruculuğunda çox yaxından iştirak ediblər, indi də bu məsuliyyətli və eyni zamanda, nəcib missiyanı yerinə yetirirlər" - Elçin Babayev bildirib.

Rektor əlavə edib ki, işğaldan azad edilmiş əzəli torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında BDU-nun tələbə və məzunları da var:

"44 günlük Vətən müharibəsində gənclərimizin canı və qanı hesabına əldə edilmiş Qələbəyə Bakı Dövlət Universitetinin 200-ə yaxın məzun və tələbəsi imza atıb, onlardan 19 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini yaddaşımıza əbədi həkk edirik.

Şübhəsiz ki, bu nailiyyətlərin əldə edilməsində keçmişdə və hazırda Universitetdə çalışan, doğma respublikamızın elm və təhsil tarixində özünəməxsus yeri və rolu olan yüzlərlə dəyərli insanların, əziz müəllimlərimizin müstəsna xidmətləri olub. Bu müqəddəs insanlar həqiqətən böyük hörmət və ehtirama layiqdirlər. Şübhə etmirik ki, Universitet yaxın gələcəkdə elmi tədqiqatların əhatə dairəsinin və keyfiyyətinin daha da artırılması yolu ilə ölkəmizin ilk Tədqiqat Universiteti statusunu əldə edəcək".