QORXULAN sistemdən GÜVƏNİLƏN sistemə doğru - ŞƏRH

2 İyul 2022 01:45 (UTC+04:00)

Dövlət vətəndaşların hüquqlarının, azadlıqlarının və təhlükəsizliyinin qarantıdır. Ümumi baxış belədir ki, ictimai müqavilədən doğan təşkilat olaraq dövlət insanların əsas haqqlarını gerçəkləşdirə biləcəyi bir mühit formalaşdırmalı, həmin haqlara zidd davrananları yaxalayaraq mühakimə etməli, yəni vətəndaşlara təhlükəsizlikləri üçün xidmət göstərməlidir. Əlbəttə, dövlətin vətəndaşlara xidmət vəzifəsi təkcə bundan ibarət deyil, olduqca çoxdur. Odur ki, həmin xidməti dövlət adına müəyyən qurumlar, o cümlədən polis göstərir.

Polis bütün modern dövlətlərdə qanunların və möhkəmlənmiş ictimai qaydaların qorunmasına mükəlləf olan güc strukturudur. Bu güc strukturunun funksionallığı və fəaliyyəti bütün modern cəmiyyətlərdə aşağı-yuxarı eyni çərçivədədir, lakin bu çərçivəyə cəmiyyətlərin inkişaf, siyasi və mədəni səviyyəsi də böyük ölçüdə təsir edir. Əgər bir cəmiyyətin ümumi etikası fərdlərin qanunların üzərinə çıxmasını passiv təqdirlə qarşılayırsa, həmin toplumlarda polisin qanun-qaydanı qorumaq funksiyasını reallaşdırması daha da çətinləşəcək. Bu çətinliyi isə ilk növbədə o yaradacaq ki, demokratik, hüququn aliliyinə inanan bir cəmiyyətdə əsas funksiyalarını yerinə yetirərkən polis təşkilatı həm qanunlardan kənara çıxmamalı, həm də ictimai nəzarətə açıq olmalıdır.

Polisin bu iki prinsipə uyğun şəkildə fəaliyyət göstərməsi bir dövlət qurumu olaraq ona ictimai etimad formalaşdırır və bu etimad qanunların pozulmasına qarşı mübarizədə polisə ən azından mənəvi-psixoloji güc verir. Müstəqil bir dövlət olaraq Azərbaycanın yaşı artdıqca nəsillər yenilənir və bu yenilənmə cəmiyyətdə bir yandan sovet dövrünün totalitar düşüncə tərzini dəyişir, bir yandan da informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə toplumun gözləntiləri güclənir. Dəyişən düşüncə, həyat obrazları və gözləntilər Azərbaycan polis orqanlarını həm qanunların çərçivəsinə sıxışdırır, həm də onun sorğulanma meydanını genişləndirir.

Bu gün yaranmasının 104-cü ilini qutlayan Azərbaycan polisi yuxarıda sadaladığımız şərtlərə əsaslanan tarixi mərhələdən keçir. Bu mərhələdə Azərbaycanda polis təşkilatı əməkdaşlarının peşəkarlığı, intellektual və mədəni səviyyəsi, qayğıkeşliyi və nəzakəti ilə QORXULAN bir sistemdən GÜVƏNİLƏN bir sistemə çevrilməyi bacarmalıdır. İstər sıravi vətəndaş, istər jurnalist, istərsə də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü kimi müşahidələrim onu göstərir ki, general-polkovnik Vilayət Eyvazovun nazir olduğu dönəmdə Azərbaycan polisi bu məqsədə çatmaq üçün təqdirəlayiq məsafə qət edib.

Əvvəla, Azərbaycan polisinin keçirdiyi irimiqyaslı əməliyyatlara cəmiyyətin dəstəyi artıb. Bunun ən bariz örnəklərini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatlara göstərilən ictimai reaksiyalardan asanlıqla görmək mümkündür.

İkincisi, polisin gücdən istifadə etmək səlahiyyətindən sui-sitfadə halları ilə bağlı bütün dünyada, hətta ən demokratik ölkələrdə belə problem sayılan bir məsələ Azərbaycanda o qədər də qabarıq deyil.

Üçüncüsü, Azərbaycan polisinin peşəkarlıq səviyyəsi ildən-ilə artır. Peşəkarlığın yüksəlməsi cinayətlərin “isti izlərlə” açılmasını təmin edir.

Dördüncüsü, polisin çalışma şərtləri- binalar, avadanlıqlar, texniki vasitələr, xidməti başa vurduqdan sonra sosial dəstək və s.- şəxsi heyətin lehinə ildən-ilə yaxşılaşır.

Beşincisi, polisin şikayətlərə əhəmiyyət verməməsi, müraciətlərə başdansovdu yanaşması kimi hallar böyük ölçüdə azalıb.

Altıncısı, cəmiyyətimiz polisi artıq vətəndaşların az qala bütün işlərə burun soxan sırtıq “uçastkovu”, qarşısına çıxan hər kəsdən bac toplayan “postovoy” obrazında yox, qətllərin, oğurluqların, dələduzluqların və s. üstünü operativ şəkildə açan poqon daşıyıcıları kimi görməyə başlayıb.

Yeddincisi, Azərbaycan polisinin ən qərəzli tənqidçiləri belə etiraf edirlər ki, Daxili İşlər Nazirliyi əlçatanlıq baxımdan ölkədə ən nümunəvi qurumlardandır və güc strukturu olmasına baxmayaraq, İctimai Əlaqələr sahəsində yaxşı reputasiyaya malikdir.

Bütün bu bəndlərin hər biri Azərbaycan polis sisteminin yenidən qurulmasının göstəricisidir.

Başqa sözlə, Azərbaycan polisi 104 yaşında yenidən qurulur.

Polis sisteminin çağın tələblərinə uyğunlaşdırılması, heç şübhəsiz, prezident İlham Əliyevin islahat siyasətinin tərkib hissəsidir.

Sözünü açığı, hansı ölkədə olursa-olsun, güc strukturlarında islahat aparmaq heç də sadə məsələ deyil, üstəlik atılan addımların heç də hamısı bir günün, beş günün içində nəticə vermir.

Məsələn, bu gün Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə barədə məlumatlar Daxili İşlər Nazirliyinin büllütenlərində statistika kimi görünə bilər, ancaq həmin informasiyaları sistemləşdirəndə arxa planda Azərbaycan polisinin təkcə bu günkü cinayətkarlıqla deyil, həm də sabahkı cinayətkarlıqla mübarizə apardığı üzə çıxır.

Deməli, Azərbaycan polisinin motivasiyası müsbətdir və yerindədir.

Ancaq bu motivasiyanın davamlı olması üçün vətəndaşlar olaraq bizim də üzərimizə iş düşür- polisə qarşı streotiplərimizi dəyişmək.

Başa düşürəm, bu çətindir, Azərbaycan kimi manipulyasiyaya açıq cəmiyyətlərdə lap çətindir. Amma bunu bacarmalıyıq ona görə ki, polisdə çalışanlar elə bu vətənin, bu xalqın övladlarıdırlar.
Həm birinci, həm də ikinci Qarabağ savaşında Vətən uğrunda canından keçməyə hazır olan Azərbaycan oğul və qızlarıdırlar.

Taleh ŞAHSUVARLI