Xəzəryanı dövlətlərin əməkdaşlığının hüquqi bazası möhkəmləndirilir

3 İyul 2022 14:00 (UTC+04:00)

Məlum olduğu kimi, Aşqabadda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının VI Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbir gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olub. Dövlət başçımızın zirvə toplantısında iştirakına münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söhbət əsnasında dedi:

– Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Ermənistan üzərindəki şanlı Qələbəsi ölkəmizi dünyada qalib dövlət kimi tanıdıb. Artıq möhtərəm Prezidentimizi xarici ölkə səfərlərində və beynəlxalq tədbirlərdə qalib dövlət başçısı kimi qəbul edirlər. Təbii ki, dövlət başçımıza olan bu münasibət hər bir soydaşımızda qürur hissi yaradır. Aşqabadda keçirilən zirvə toplantısında da bunun şahidi ol­duq. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycan Prezidenti dövlət başçı­ları içərisində ən nüfuzlu liderlərdən biridir. Əlbəttə, Aşqabad səfəri də bunun növbəti əyani təzahürüdür. Səfər çərçivəsində dövlət başçıları ilə ikitərəfli görüşlər, aparılan müzakirələr Azərbaycanın dünyada sayılıb-seçilən və qarşılqılı əməkdaşlıqların qurulması istiqamətində zəruri dövlət olduğunu təsdiqlədi.

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla, habelə Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla, İran Prezidenti Seyid İbrahim Rəisi və Rusiya Prezi­denti Vladimir Putinlə görüşü yüksək dəyərə malikdir. Görüşlərdə ikitərəfli münasibətlər, birgə əməkdaşlıq plan­larının reallaşdırılması və digər zəruri məsələlər müzakirə olundu. Rusiya Prezidenti Vladimir Putinlə regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə müzakirələr aparıldı. Bu görüş, eyni zamanda, həmin mövzunun yenidən nəzərdən keçirilməsi üçün imkan yaratdı.

Prezident İlham Əliyev də, öz növbəsində, iki ölkə arasında ticarət dövriyyəsinin artmasından, sənaye kooperasiyası, nəqliyyat və energe­tika sahələrində əməkdaşlığımızın genişləndirilməsindən məmnunluğunu ifadə etdi. Bu görüş regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaradıb.

Hüquq müdafiəçisi Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyətindən də söhbət açdı. Dedi ki, çoxillik iş nəticəsində imzalan­mış bu sənəd Xəzərin hüquqi statusunu müəyyənləşdirib. Bu tarixi sənədin tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Ç.Qənizadə Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmləndiyini bildirdi. Xəzərin iqtisadi potensialı, ölkələr arasındakı ticarət və əməkdaşlıqda oynadığı müstəsna rol zirvə toplantısın­da da müzakirə mövzusu oldu. Xəzər dənizinin strateji əhəmiyyətini vurğu­layan hüquq müdafiəçisi bunun region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regi­onal layihələrin mühüm tərkib hissəsi olduğunu bildirdi: “Xəzər dənizi həm də beynəlxalq nəqliyyat qovşağı­dır. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Azərbaycan, eyni zamanda, Avrasi­yanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır”.

Komitə sədri Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasının müşahidə edildiyini də diqqətə çatdırdı. Dedi ki, Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastruktu­runun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir: “Dövlətimizin başçısı Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulma­sı və bərpası, o cümlədən, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”