İran müxalifətinin liderinin səhhəti pisləşdi

3 İyul 2013 08:30 (UTC+04:00)
Üç ildir ev dustağı olan İran müxalifətinin liderlərindən Mirhüseyn Musəvinin səhhətində problem yaranıb.

O, iyulun 2-də səhər saatlarında həyat yoldaşı Zəhra Rəhnəvərdlə birlikdə Tehrandakı xəstəxanalardan birinə aparılıb.

APA-nın "Kələmə" saytına istinadən verdiyi məlumata görə, M. Musəvinin davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkdiyi bildirilir.

Həkimlər M. Musəvinin xəstəxanada yerləşdirilməsini tələb etsələr də, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə verməyib.

Qeyd edək ki, M. Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub.

AzNews.az