Bərdədə xüsusi təyinatlı alay yaradıldı - FOTO

8 İyul 2022 19:59 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızda Fövqəladə Hallar Nazirliyi digər aidiyyəti dövlət qurumları ilə birgə ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərini həyata keçirir.

Aznews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən icra edilən minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədilə Bərdədə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı mexanikləşdirilmiş alayı yaradılıb. Ölkə başçısının diqqət və qayğısı ilə alay ərazilərin minalardan təmizlənməsi üçün qısa müddətdə ən müasir avadanlıq və cihazlarla təchiz edilib və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Eyni zamanda, alayda xidmət edən əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edib, akkreditasiyadan keçiblər. Həmçinin, minatəmizləmə əməliyyatlarına xüsusi təlim keçmiş minaaxtaran itlər də cəlb olunub.

İyulun 8-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bərdədə yeni yaradılmış xüsusi təyinatlı mexanikləşdirilmiş alayda olub. Nazir minatəmizləmə işlərində istifadə olunan avadanlıq və cihazlara baxış keçirib, alayda xidmət üçün yaradılan şəraitlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.