Xalidə Xalid iş başında

3 İyul 2013 09:11 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid artıq işə çıxır. Bunu AzNews.az-a AMEA-nın Ədəbiyyat İnstitutunda X.Xalidin əməkdaşı olduğu şöbənin müdiri Vaqif Arzumanlı bildirib.

V.Arzumanlının sözlərinə görə, Xalidə Xalid İnstitutda əvvəlki qaydada müzakirələrdə iştirak edir və məqalə üzərində işləyir: "Xalidə Xalidin İrana səfəri və orada həbs edilməsi ilə bağlı onunla institutda heç bir müzakirə aparılmayıb və heç bir qərar qəbul edilməyib. Müzakirə ediləcək bir məsələ də yoxdur. Xalidə Xalid işinə davam edir".
Qeyd edək ki, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Onların hər ikisi iyunun 6-da Azərbaycana qaytarılıb.

Elnarə Əlosmanqızı
AzNews.az