Eldəniz Quliyev partiya sədrlərini “topa tutdu”

3 İyul 2013 10:48 (UTC+04:00)
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və ADP sədri Sərdar Cəlaloğlu "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevi ağır ittiham ediblər. Partiya sədrləri onu onu başqa ölkələrin maraqlarından çıxış etməkdə günahlandırıblar.

"El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev AzNews.az-a açıqlamasında ittihama ittihamla cavab verdi: "Asim məni tanımırsa, mən onu dünəndən tanımaq istəmirəm. Kimin kim olduğu onun sözü ilə ölçülmür. Mollalıq etməsin. Mən heç bir dövlətin marağından çıxış etmirəm. Mənim elə bir səlahiyyətim də yoxdur. Azərbaycanın milli maraqları mənim üçün müqəddəsdir".

Sərdar Cəlaloğlunun dediklərinə gəlincə isə E.Quliyev onu siyasi kloun adlandırıb: "Sərdarın nəfəsi də yalandan gedir-gəlir. O, çox böyük müvəffəqiyyətlə siyasi klouna çevrilib. Sən öz ətrafın haqqında düşün, çünki heç kəs sənin sözünə baxmır. O qədər boş danışmısan ki… Fikirləşirəm ki, o, nə vaxtsa siyasətçi ola bilər, hələ nə yaşı var. Sərdar bu günə kimi siyasi oyun oynayıb. Bizim kimi ciddi rəqiblər görəndə ayılıb. Yəqin qərar verib ki, siyasətçi olmağa meyllənsin".

Xatırladaq ki, DİP-nın sədri Asim Mollazadə "Teleqraf"a açıqlamasında "Sadəcə o belə bir açıqlama verməklə müvafiq ölkənin maraqlarının və nümayəndələrinin müdafiəsinə qalxıb. Mən heç Eldəniz Quliyevi tanımıram", ADP sədri Sərdar Cəlaloğlu isə "Eldəniz Quliyevin müxalifətçilik fəlsəfəsinin nədən ibarət olduğunu Azərbaycanda hamı bilir. Bu adam "Talış Muğan Respublikası"nın rəhbərlərindən biri olub. Bu isə iqtidara deyil, Azərbaycan dövlətçiliyinə müxalifətçilikdir" - deyə, E.Quliyevi ittiham ediblər.

Bahar Rüstəmli
AzNews.az