Rusiya Ukrayna müharibəsi gözlənilməz də olsa, mövqe bərabərliyi ilə müşahidə olunur. Rusiya öncədən 5 istiqamətdə hücum edirdi. Ukrayna bunun birində əks hücuma keçə bilirdi. İndi isə rus qoşunları üçün müdafiə xətti daha sıxdı. Hər iki tərəf 3 cəbhədən mübarizə apara bilir. Ukraynanın əsas startegiyası rus ordusunun maksiumum tükədilməsidir. Donbasda Ukrayna buna nail ola bildi. Severnodenotsk şəhərində 1 ay ciddi dirəniş göstərməklə, Rusiyanı həm canlı, həm texniki qüvvə cəhətdən itkilərə məruz qoydu. Ən nəhayət Rusiya Luqanskın ən böyük şəhəri olan Lisiçansk şəhərində də çox ciddi döyüşlər nəticəsində 3 briqada- 7minə qədər canlı qüvvə itki verdi. Bir neçə tank batalyonu məhv edildi. Bu məğlubiyyət nəticəsində Putin Donbas bölgəsində əsgərlərə “istirahət” verməyi qərara aldı. Bu, rus ordusunun yenidən hazırlanması üçün zaman qazanma məsələsidir. Lakin bu hazırlığın Moskva üçün nə dərəcədə faydalı olduğunu söyləmək çətindir. Çünki, Rusiyanın anbarlarda Sovet dövründən qalma silahları tükənməz deyil. Müəyyən zamandan sonra resurslarla bağlı probleminin yaranma ehtimalı yüksəkdir. Ukraynaya Qərbdən artilleriya hücumundan müdafiə silahları verilərsə müharibənin taleyi Kiyevin xeyrinə dəyişə bilər.
Putin durğunluq vəziyyətində sözlü gövdə göstərişi etməyə çalışır. Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə Putin qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq. "Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq. Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər". Bu bəyanatla Putin bir neçə istiqamətdə müxtəlif hədəfli mesaj ötürməyə çalışır. İlk istiqamət müharibəyə etirazını daim ifadə edən Rusiya cəmiyyətidir. Putin daxili auditoriyanı inandırmağa çalışır ki, biz ehtiyatlı davranırıq. Bizim üçün prioritet canlı qüvvəmizin itirilməməsidir. Xarici auditoriyaya verilən mesaj ondan ibraətdir ki, biz hələ dağıdıcı silahlardan istifadə etməmişik. Gördükləriniz bizim hərbi imkanlarımızın hamsı deyil. Üstəlik sətiraltı sülh çağırışı edərək, sonra gec qala biləcəklərinə dair də təhdid etmiş olur.
Əslində, Ukrayna xalqı və dövləti mübarizə aparır. Lakin itkilər də az deyil. Luqansk tamamilə itirilib. Donetskdə müharibə başlamazdan öncə 46% işğalda idisə, indi 64% işğal altındadır. Xerson, Zaparojye, Xarkovun bir neçə böyük qəsəbələri, İzyum şəhəri işğal olunub. Ukraynaya Qərbin ciddi dəstəyinə rəğmən Ukrayna ərazilərinin ¼-i işğal olunub. Lakin geosiyasi anlamda Rusiyanın da itkiləri az deyil. Ən azından Putinin müharibəni başlatma səbəbi olaraq elan etdiyi NATO-ilə sərhədlərin genişlənməsi məsələsində Kreml fiaskoya uğradı. 1400 km-dən az olan sərhədlər yaxında 2500 km-dən daha çox olacaq. Müharibəyədək Ukrayna sadəcə Aİ ilə assosiativ saziş imzalayan dövlət idisə, indi artıq üzvlüyə namizəd statusundadır.
Müharibə uzandıqca, əldə olunan nəticələr tərəflərin hədəflərinə də təsir göstərir. Rusiya əvvəl Kiyevə qədər çataraq ölkəni təslim etməyi planlaşdırırdısa, artıq qondarma respublikaların sərhədlərinə çıxmaq və cənubda işğal olunan şəhərləri (Xerson, Zaparojye) əldən verməmək əsas hədəfdir. Ukrayna isə müharibənin əvvəlindəki kimi Donbası deyil, adı çəkilən cənub şəhərlərini işğaldan azad etməyi əsas hədəfə çevirib. Cənubun azad edilməsi Ukrayna üçün bir neçə baxımdan əhəmiyyətlidir. Bu yolla Qara dənizin sərhədlərini təmizləmiş olur. Təhlükəsizliyi təmin etmiş olur. Krım üçün təhlükə yaradır. Bu mənzərədə belə görünür ki, Rusiya ordusu hədəflərindən kənar olan əraziləri də işğal edərək əsas strateji önəmi olan ərazilərin geri qaytarılmasını geri plana atacaq. Çünki, hər işğal olunan yeni ərazi öncəkilərin daha çox qarantiya altına alınmasına səbəb olur. Ona görə də, hesab edirəm ki, yaxın müddətdə müharibə yenidən qızğınlaşacaq. Çünki, indiki halda Zelenskinin Putinin sülh çağırışlarına adekvat reaksiya verməsi mümkünsüzdür. Moskvanın şərtlərinin indi qəbul edilməsi Kiyevin müstəqilliyinin itirilməsi deməkdir. Tərəflərdən hansının üstünlük əldə etməsi isə masada müzakirə olunacaq məsələlərin motivini müəyyənləşdirəcək.
Züriyə Qarayeva
Aznews.az saytının siyasi şərhçisi