10 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

18 İyul 2022 16:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2012-ci il oktyabrın 10-da paytaxtın Yasamal rayonunda qeydə alınıb. Lakin hadisənin üstü bu il açılıb.

Belə ki, Z.Şirinov tanışı və əvvəllər qonşuluğunda yaşamış Cəfər Axundovla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evdə narkotik vasitə qəbul etdikdən sonra sonuncunu narkotik sərxoşluğu vəziyyətində görüb aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni - cüzi səbəbi bəhanə edib onun qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurmaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Daha sonra törətdiyi cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə həmin gün axşam saatlarında Cəfər Axundovun meyitini sonuncunun mülkiyyətində olan “Mercedes Benz C200” markalı, 90-LV-150 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoymaqla Yasamal rayonu, “Qurd qapısı” adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb avtomobildə cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirməklə oradan uzaqlaşıb.

Z.Şirinova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.