Dini komitə prezidentin səhifəsində sorğuya çəkiləcək

3 İyul 2013 13:51 (UTC+04:00)
Prezident İlham Əliyevin "facebook" səhifəsində istifadəçilərin suallarını cavablandıracaq növbəti məsul şəxslərin kimliyi məlum olub.

AzNews.az-ın məlumatına görə, bu dəfə səhifənin qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyidir.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2001-ci ildə yaradılıb. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, İcra Hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi işləri komitənin səlahiyyətlərinə daxildir.

Prezidentin səhifəsinin adminləri xahiş edir ki, verilən suallar Dövlət Komitəsinin vəzifələrinə aid olsun. Mövzuya aid olmayan, təkrarlanan və kənar məsələlərə bağlı suallar isə silinəcək.

Suallar iyul ayı ərzində qəbul olunacaq və tədricən şərhlər vasitəsilə cavablandırılacaq. Eyni zamanda, Komitənin diqqətini çəkən maraqlı sualların cavabı Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İsgəndərov tərəfindən verilən video müsahibədə yer alacaq.

Anar
AzNews.az