ŞUŞADA MEDİAFORUM və SOSİALLAŞDIRMA GÖRƏVİ

24 İyul 2022 18:51 (UTC+04:00)

İki gün öncə- Milli Mətbuat Günündə müqəddəs, mistik və əsilzadə şəhərimiz Şuşada beynəlxalq media forum keçirildi. “Mediada qlobal trendlər, yeni çağırışlar” adlanan, bir neçə paneldən ibarət olan və təxminən 200 nəfər yerli və xarici jurnalistin, rəsmi şəxslərin iştirak etdiyi tədbirin Şuşada keçirilməsi Prezident Əliyevin təşəbbüsü idi. Dövlət başçısı iştirakçıların rahat gediş-gəlişi üçün xüsusi təyyarə ayrılmasına da göstəriş vermişdi. Sözün həm birbaşa, həm də məcazi mənasında Şuşaya uça-uça getdik.

Ancaq bu səfərin o günə qədər media nümayəndələrinin Şuşaya təşkil edilmiş səfərlərindən çox mühüm bir fərqi vardı. Məqsəd jurnalistlərin Şuşanı görməsi, siyasi arxitekturası çökmüş dünyada milli hədəflərimizi Şuşadan görməsi idi. Prezident forum iştirakçılarına ünvanladığı təbrik məktubunda DÖVLƏTin mediadan gözləntilərini açıq mətnlə çatdırmışdı:

“Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək”.

Sözün açığı, forumun gündəliyinin, çıxışçıların və iştirakçıların sayının çoxluğu müqabilində belə bir strateji əhəmiyyətli tədbirdə geniş müzakirələrin getməsinə şərait yaratmadı. Bunun üçün forumun bir neçə gün çəkməsi lazım idi, Şuşadakı real imkanlar qarşısında toplantının bir günə sıxışdırılması başa düşüləndir. Ancaq əsas olan budur ki, sanballı diskussiyalar, ictimai müzakirələr üçün yaxşı zəmin formalaşdırdı. Mən forumdakı bütün çıxışları böyük diqqətlə dinlədim. Razılaşdığım məqamlar da oldu, bölüşmədiyim mülahizələr də.

Hesab edirəm ki, dövlət media mənsublarına yeni çağırışını Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyevin timsalında etdi. REAL TV-nin rəhbəri Mirşahin isə milli təhlükəsizlik maraqlarının qorunmasının fövqəladə vəziyyətlərdə söz azadlığını belə məhdudlaşdıra biləcəyinə işarə edərək Azərbaycanın FÖVQƏLADƏ MƏRHƏLƏyə keçdiyini xatırlatdı. Bəli, Mirşahin haqlıdır. Üç-üç, beş-beş sonradan “Azadlıq” adlanacaq meydanda Topxananın harayına yığışanlardan tutmuş, həmin meydanın topdağıtmaz Şuşanın itirilməsindəki populist qəhrəmanlarınacan hər şeyi və hər kəsi görə-görə gələn Mirşahin öz təcrübəsi, intellekti və fəhmi ilə milli hədəflərimizin önündə kol-kos kimi bitən qaragüruhdan uzaqlaşmaq üçün əslində mediamıza yaxşı bir resept verdi. Mirşahinin çıxışını prezidentin çağırışına milli, təkrar edirəm, milli jurnalistikamızın pozitiv cavabı kimi də qiymətləndirmək olar.

Mən dəyərli həmkarımız, imzası Şuşa ilə bütünləşmiş Kərim Kərimlinin çıxışından sonra söz almaq istədim, amma zaman darlığına görə, israr etmədim, müraciətimi geri çəkdim.

Nə deyəcəkdim?

1992-ci ildə Şuşa işğal olunandan sonra Kərim Kərimlinin bir şeiri dərc olunmuşdu. O zaman mən və mənimlə eyni yaş nəslinin nümayəndələri olan həmkarlarımız mətbuatda deyildi. Şeir tam olmasa da, iki misrası oxucu kimi yaddaşıma həkk olunub: “Neyləyim, Şuşasız yaşamaq olmur/ Şuşasız ölmək də çətindir, çətin...” Xatirimdədir ki, Məmməd Süleymanov- Azərbaycan solçularının mediadakı ən tanınmış imzalarından biri Kərimlinin həmin misralarına şərh yazmış, başqa qəzetlərin də söhbətə qoşulması ilə geniş ictimai müzakirə açılmışdı. Hər dəfə Kərimin bu misralarını xatırlayanda onları torpaqları işğal olunmuş Azərbaycanın məğlubiyyət diskursu sayıram. Azərbaycan məğlubiyyət diskursundan 8 noyabr 2020-ci ildə- Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa, sən azadsan” müjdəsi ilə çıxdı. Prezident Əliyev o müjdəsi ilə Azərbaycanda QƏLƏBƏ DİSKURSU yaratdı.

Rəhman Hacıyevin Şuşadakı beynəlxalq forumdakı diqqətlə və maraqla dinlədiyim çıxışının da, zənnimcə, əsas qayəsi bu idi ki, indi bu diskursun içini doldurmalıyıq. Bu diskursun içinin dolması üçün işğaldan azad olunmuş torpaqlarda şəhər və kəndlərimizin yenidən inşa edilməsi çətin, zaman və milyardlar tələb edən məsələdir, ancaq ən əsası Qarabağda MÜHİTi bərpa etməkdir. Şuşa mühitini bərpa etmək üçün sadəcə şuşalıların Qalaya qayıtması azdır. Şuşanın mədəni və mənəvi mühitini bəsləyən, sosial çarxını işlədən üç əsas kanal olub:

1) Qarabağın dağ kəndləri. Çoxu bu gün Rusiya sülhməramlılarının “məsuliyyət zonası”nda qalıb.

2) Füzuli bölgəsi. Bircə fakt deyəcəm. Həm Şuşada “Merdinli” adlanan məhəllə, həm də Füzulidə eyni adda kənd var. Bir obadırlar, əslində. Şuşadan Füzuliyə, Füzulidən Şuşaya köçənlər hər zaman olub, yəni 1752-ci ildə Şuşanın binəsi qoyulandan bəri.

3) Ağdam və Ağcabədi. Şuşanın ilk sakinləri şahbulaqlılardır. Şuşa xanlarının və bəylərinin Ağdam və Ağcabədi bölgəsində yaxşı mülkləri olub. Şuşa ermənilər tərəfindən qəsb olunmaq istəyəndə Xan qızı Natəvanın Ağdamdakı çıxışını xatırlamaq yetər ki, Qalanın həyatında dediyim iki rayonun rolunu aydın təsəvvür edək.

Qısacası, Şuşanın işğal izlərini unutması üçün Qarabağın dağ kəndləri də, Ağdam da, Füzuli də, digər azad olunan ərazilərimiz də QAYIDIŞ yaşamalıdır.

Bu qayıdış prosesində mediamızın işi, əsas vəzifəsi təkcə ata-baba yurduna dönən məcburi köçkünlərin yanağındakı sevinc yaşlarına kamera fokuslamaq, yaxud ekspressiv-emosional janrda məqalələr yazaraq işğal altında qalmış oyuncaqlar axtarmaq deyil.

Bizim ən böyük işimiz MİLLİ İNSTİTUTİONAL YADDAŞI QORUMAQ və bu yaddaşı yeni milli hədəflərə çatmağımız üçün zəminə çevirməkdir.

Bu yaddaşın başqa bir adı məhz DÖVLƏTdir.

Dövlət və media münasibətləri hər zaman mübahisəli olub. Azərbaycanda bu münasibətlərə guya liberal konsepsiya ilə yanaşanlar vardı ki, zaman isbat etdi ki, merkantil maraqların daşıyıcılarının dərdi heç zaman media institutuna dövlətin liberal yanaşmasını təmin etmək olmayıb. Əksinə, onlar özləri dövlətdən daha çox qoparmq üçün medianı dövlətdən uzaq salmağa çalışıblar. Məhz onlar söz düşəndə əsl hədəfi milli instituional yaddaşı pozmaq olan beynəlxalq donorların maliyyələşdirdiyi seminarlarda əzbərlədikləri şablonlardan bəh-bəhlə danışır, ancaq bir dəfə də olsun medianın SOSİALLAŞDIRMA FUNKSİYASIndan söz açmırlar.

Biz- bir sosiallaşdırma agentliyi olan KİV Azərbaycandakı fərdlərə hansı həyat obrazı təqdim edirik, fərdlərin toplum içində özünə uğurlu yer tapmasına necə kömək edirik?

Vətən savaşının sağlamlığını itirmiş əlilinə, həyatını torpağın azadlığına qurban vermiş şəhidin yaxınına, odun-alovun içindən salamat çıxmış əsgərə, zabitə cəmiyyətə yenidən inteqrasiya olunması üçün sosiallaşdırma agentliyi olaraq yardım edir, yoxsa fərqlilik yaratmaq borcumuzu unudub cəmiyyətdə ögeylik, sosial qarşıdurma formalaşdırırıq?

22 iyulda DÖVLƏT və PREZİDENT Hikmət Hacıyevi Şuşada tribunaya çıxararaq dedi ki, mənim üçün Azərbaycanda ögey vətəndaş və imza yoxdur.

Ancaq dövlət daha çox onu dedi ki, Qalib Azərbaycana YENİ VƏTƏNDAŞ OBRAZI lazımdır.

Taleh ŞAHSUVARLI