KƏLLƏ-MAYALLAQ FESTİVALI

31 İyul 2022 15:10 (UTC+04:00)

Doğrusu, bu barədə yazmaq istəmirdim.

İlk növbədə dağlarda qədim türk əlifbası ilə yazılan şanlı kəlimənin xətrinə...

Ancaq çox hörmətli Rauf Arifoglunun Mədəniyyət nazirliyinin Şuşada keçirilən tədbirlərdə də təşkilatçılıq baxımından ciddi nöqsanlara yol verdiyini yazmasından sonra qərara gəldim ki, problemləri daha palazın altında saxlamağın, palçığı kilimin altında gizlətməyin yeri yoxdur.

Azərbaycan Respublikası Mədəniyyət nazirliyinə rəhbərlik etmək görəvi Anar Kərimova həvalə ediləndən sonra yeni nazirə bir neçə dəfə ciddi informasiya dəstəyi vermiş, ondan gözləntilər barədə analitik məqalə yazmış və yaymışam. Nazirliyin mətbuat xidmətindən zəng edib quruca "sağ ol" da deməyiblər. Yanlış anlamayın, mən kiminsə sağoluna, təşəkkürünə ehtiyac duymuram. Ümumiyyətlə, bu nazirliyə işim də düşəsi deyil. Sadəcə, başa düşmüşəm ki, nazirlikdə cəmiyyətlə işləməyi bacaran komanda yoxdur.

Bir neşə dəfə təklif etmişəm, elektron poçtla yazıb Mədəniyyət nazirliyinin diqqətinə çatdırmışam ki, rəssamları işğaldan azad olunan ərazilərə göndərin, orada tablolar çəksinlər, ölkədə və xaricdə sərgilər təşkil edin. Rəssam deyiləm, əlinə fırça alan qohumum da yoxdur. Dövlət naminə, milli maraqlar naminə təklif etmişəm. Heç bir reaksiya verilməyib. Çünki qurumun İctimai əlaqələrinə məsul olanların başı belə istiqamətlərdə çalışmır.

Gələk "Yaylaq", daha doğrusu, KƏLLƏ MAYALLAQ festivalına.

Baş verən olay və olaylar göstərir ki, Mədəniyyət nazirliyi etnoqrafiyamızı bilmir, coğrafiyanı, cəmiyyəti, hətta tədbirə cəlb etdiyi auditoriyanı tanımır.

Yaylaq festivalında qonaqlara qaymaq verərlər, çiyə verərlər, yaxşı şor, pendir verərlər, yuxa, çəli, fətir bişirərlər, göz önündə kəsilmiş quzulardan kabab çəkərlər, sac içi, bozartma hazırlayarlar, əşi, bunları edə bilmirsinizsə, heç olmazsa, çoban salatı düzəldərdiniz.

Yaylaqda dədə-babamız zavod çörəyimi yeyib, arasına əyri xiyar dürtüb camaata paylayırsınız?

Ki, yesəniz də budur, yeməsəniz də!

Camaatı yaylağa aparasan, bir qaşıq bulama dadızdırmayasan.

Təsəvvürləri belə yoxdur.

Bilmirlər, görməyiblər, eşitməyiblər. Bilənləri, görənləri, eşidənləri də yaxına buraxmırlar.

Təhsilləri, bacarıqları da elə Azərbaycanı tanıdıqları qədərdir.

Hər bir tədbirdən öncə layihə yazılmalıdır. Dönə-dönə müzakirə olunmalı, təşkilatçılar üçün cavabsız sual qalmamalıdır.

Azərbaycanın QHT sektorunda xeyli təcrübəli şəxs var. Özləri yaza bilmirdilərsə, birini cağırardılar, hazırlayıb verərdi. Bütün layihələrdə "risklər" adlı bir yarımbaşlıq olur. Tədbir barədə bütün mümkün risklər orada dəyərləndirilir və problem yaranarsa, həlli yolları göstərilir. Mədəniyyət nazirliyi yüzlərlə adamı yığıb aparıb dağın başına, "birdən yağış yağsa, nə edəcəyik" sualının üzərində heç düşünməyib də...

Qamış tualetə 1 manat qiymət qoyanların ağlına dağlıq ərazidə iqlimin qəfil dəyişə biləcəyi gəlməyib...

Nəhayət...

Kəlbəcər və Laçın işğal altında olanda yaylaq festivallarının başqa yerlərdə keçirilməsi başa düşülən idi.

Amma indi Kəlbəcər də azaddır, Laçın da...

Niyə yaylaq festivalını, həm də o qədər xərc çəkildiyi halda, Kəlbəcərdə və Laçında keçirmirik?

Ona görə ki, birdən ermənilər o tərəfdən "dık" edər, bizim nazirlər, nazir müavinləri səksənər?

Taleh ŞAHSUVARLI