"Ermənistan mina xəritələrini təqdim edərkən dürüst davranmayıb"

2 Avqust 2022 18:22 (UTC+04:00)

“Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından keçən dövr ərzində 240 nəfərdən çox Azərbaycan vətəndaşı işğaldan azad olunmuş ərazilərimizdə mina partlayışlarında həlak olub və ya müxtəlif dərəcəli xəsarətlər alaraq sağlamlığını itirib. Bu, mina təhlükəsinin miqyasını təsəvvür etmək üçün kifayət qədər ciddi bir faktdır”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Millət vəkili bildirib ki, minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi Ermənistanın Azərbaycana qarşı terror siyasətinin davam etdiyini göstərir.

Millət vəkili xatırladıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin bitməsindən, hərbi əməliyyatların dayandırılmasından sonra bu günədək minaların və partlamamış hərbi sursatların partlaması ilə bağlı 102 mülki şəxs zərər çəkib: “Bu mülki şəxslərdən 32 nəfər həlak olub, 70 nəfər müxtəlif dərəcəli xəsarət alıb, yaralanıb. Bütün bunlara baxmayaraq, Ermənistan dövləti öz ənənəvi siyasətini davam etdirmək yolunu tutub. Ermənistan tərəfindən Azərbaycanla dövlət sərhədinin minalanması bu ölkənin həyata keçirdiyi siyasətin əsl məğzini görməyə imkan verir. Baxmayaraq ki, indiki Ermənistan hökuməti müxtəlif beynəlxalq platformalarda “sülh dövrünü” başlamaq barədə danışır, bununla bağlı müxtəlif ideyalarla çıxış edir. Görünən odur ki, bu, sadəcə beynəlxalq ictimaiyyəti aldatmağa hesablanmış növbəti təşəbbüslərdir”.

Soltan Məmmədov qeyd edib ki, 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan ordusu tərəfindən Ağdam, Kəlbəcər və Laçın rayonlarında əlavə minalar basdırılıb. Eyni zamanda, Ermənistan hökuməti minalanmış ərazilərin xəritələrini təqdim edərkən də dürüst davranmayıb. Çünki bu xəritələrin dəqiqlik əmsalı 25 faizdən çox olmayıb: “Bütün bunları bəlkə də hansısa texniki və ya digər amillərlə izah etmək mümkündür. Lakin Ermənistanın müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasını yubatmaq, regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmək üçün “arqumentlər” irəli sürmək cəhdləri bu ölkənin həqiqətən sülh və sabitlik tərəfdarı olduğuna inanmağa əsas vermir”.

Millət vəkili bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə məlumatları bölüşmək haqqında Azərbaycan tərəfinin müraciətlərinə Ermənistan tərəfindən cavab verilməməməsi, qətlə yetirilmiş soydaşlarımızın dəfn olunduğu kütləvi məzarlıqların yerləri barədə məlumatların təqdim olunmaması da göstərir ki, Ermənistan rəsmiləri əslində Azərbaycanla münasibətləri normallaşdırmaq barədə bəyanatlarında səmimi deyil.