Mirzoyan Azərbaycanı yeni anti-terror əməliyyatları keçirməyə təhrik edir

4 Avqust 2022 20:40 (UTC+04:00)

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda akreditə olunmuş xarici ölkə səfirləri ilə görüş keçirib və Azərbaycanın Qarabağda müvəffəqiyyətlə həyata keçirdiyi anti-terror əməliyyatından narahat olduğunu bildirib.

Görüş haqqında yayılan məlumatlardan belə anlaşılır ki, dünənki anti-terror əməliyyatının nəticələri erməni naziri elə qorxudub ki, o, təlaşlı şəkildə xarici diplomatları toplayaraq onlara Azərbaycandan şikayət edib. Lakin, Mirzoyan təkcə şikayətlə kifayətlənməyib, 10 noyabr Bəyannaməsinin müddəalarını, xüsusilə, Laçın şəhərindən yan keçən alternativ marşurutun istifadəyə verilməsi, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən qanunsuz erməni silahlı ünsürlərinin paralel olaraq çıxarılması, Azərbaycanla Naxçıvanın dəmir və avtomobil yolları vasitəsilə maneəsiz əlaqələrinin yaradılması haqqında Ermənistanın götürdüyü məcburi öhdəliyi təhrif etməyə, ATƏT-in “ölmüş” Minsk qrupunu yenidən “diriltməyə” çalışıb.

Hamının az qala əzbər bildiyi Ermənistanın imzaladığı kapitulyasiya aktının müddəalarının açıq şəkildə təhrif olunması çox təhlükəli tendesiyadan xəbər verir. Mirzoyanın bugünkü açıqlaması, həm də Paşinyanın 44-günlük müharibədən əvvəlki ritorikasını və davranışını xatırladır. Bununla, Ermənistan sülh danışıqlarını nəinki risk altına atır, eyni zamanda Azərbaycanın anti-terror əməliyyatlarını davam etdirməsi və Üçtərəfli Bəyannamənin bütün maddələrinin icrasını təkbaşına təmin etməsi (BMT TŞ-nın 4 qətnaməsini icra etdiyi kimi) üçün legitim əsaslar yaradır.

Bununla yanaşı, mən inanmıram ki, özünə hörmət edən hər hansı bir diplomat Mirzoyanın söylədiyi bu cür cəfəng fikirlərə inansın və ya onları ciddi qəbul etsin. Digər tərəfdən, hamı bilir ki, Ermənistan götürdüyü öhdəliyi sona qədər pozmaq və ya yerinə yetirməmək gücündə deyil.

Azərbaycan avqustun 3-də keçirdiyi anti-terror əməliyyatı ilə bir daha sübut etdi ki, Ermənistanın şıltaqlığı və “söz oyunu” ilə barışmaq fikri yoxdur və özünün suveren ərazisində qayda-qanun yaratmaq üçün hər addımı atmağa hazırdır və bundan sonra da qarşısında duran bütün vəzifələri yerinə yetirmək əzmindədir. Necə deyərlər, “Dəmir Yumruq” yerindədi.

Əminəm ki, bu reallığı həm beynəlxalq təşkilatlar, həm də Ermənistanı müdafiə edən ölkələr çox yaxşı anlayırlar.

Azay Quliyev,

Milli Məclisin üzvü