Ramil Usubovun keçmiş müavinindən Abbas Abbasova dəstək

4 İyul 2013 08:56 (UTC+04:00)
Azərbaycan daxili işlər nazirinin sabiq müavini, hazırda Rusiyada yaşayan general-mayor Rafiq Ağayev Azərbaycan xalqına müraciət ünvanlayıb. Müraciətini Modern.az saytına da göndərən general müxtəlif məsələlərə toxunub.

"Yüz minlərlə azərbaycanlı üçün Rusiya bu gün ikinci vətən deməkdir. İkitərəfli münasibətlərin inkişafında buradakı azərbaycanlıların rolu böyükdür. Əvvəlki nəsillər bizim birgə tariximizi yaradıblar və bu tarixlə biz indi də fəxr edirik. Qiymətli dostluq, qonşuluq və əməkdaşlıq ənənələrimiz nəsildən-nəslə keçərək indi də inkişaf edir. Bu gün Azərbaycan diasporu Rusiya iqtisadiyyatına böyük töhfə verir, ölkənin elm, təhsil və mədəni həyatında aktiv iştirak edir, millətlərarası və icmalararası əlaqələrin möhkəmləndirilməsində mühüm fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları bizim ücün ucadır"-deyə Rafiq Ağayev vurğulayıb.

General bildirib ki, Rusiya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, məzmunca zənginləşdirilməsi istiqamətində işlər davam edir. O, "milyarderlər ittifaqı" kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqını müdafiə edib:

"İttifaqın yaradılması qarşıda duran vəzifələri müəyyənləşdirdi, azərbaycanlıların öz milli dövləti - Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesinə güclü təkan verdi, milli birlik ideyasının inkişafında mühüm rol oynadı. Soydaşlarımızın təşkilatlanması daha da gücləndi, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən, Azərbaycan xalqına və millətinə mənsubluq hissinə əsaslanan azərbaycançılıq ideyası Rusiyada yaşayan azərbaycanlılar arasında geniş yayıldı.

Fəxrlə deyə bilərik ki, Rusiya azərbaycanlıların ağsaqqalı, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun rəhbərliyi ilə soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni uğurlu mərhələ yaşanır. Böyük nüfuz sahibi olan Abbas Abbasov, Rusiyada yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin yüksəlməsi, onların Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi üçün özünün bütün imkanlarından, bilik və bacarığından istifadə edir. RATİ-nin yerli təşkilatları bu işdə yaxından iştirak edir, öz konkret vəzifələrini bilir, əlaqəli şəkildə fəaliyyət göstərirlər. Abbas Abbasov azərbaycanlı icmalarının Rusiyanın siyasi və iqtisadi həyatına təsirinin gücləndirilməsi, soydaşlarımızın bu ölkədə vahid təşkilatlarının möhkəmlənməsı, regionlarda nüfuzlu Az ərbaycan lobbisinin formalaşdırılması, dost icmalar və lobbilərlə səmərəli əməkdaşlıq qurulması üçün var qüvvəsini sərf edir".

Daha sonra Rafiq Ağayev bəyan edib ki, Azərbaycanda müəyyən dairələrin baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun millətimizin birliyi naminə Rusiyadakı işıqlı fəaliyyətinə kölgə salması yolverilməzdir.

"Bu gün Rusiyada azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi, mədəniyyət mərkəzlərinin yaradılması və səmərəli fəaliyyəti üçün məqsədyönlü və müntəzəm tədbirlər həyata keçirilir. Hesab edirik ki, Azərbaycan dövləti soydaşlarımızın Azərbaycanın iqtisadi və ictimai-mədəni həyatında real iştirakı təmin etməli, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, yaşadıqları Rusiya ilə tarixi Vətən arasında əlaqə və münasibətlərin möhkəmləndirilməsində onların rolunun artmasına sözdə yox, əməli işdə kömək etməlidir.

Biz həmçinin məkrli erməni təbliğatının planlarını və fitnə-fəsadlarını vaxtında ifşa edir, onların tariximizi və mədəni irsimizi saxtalaşdırmaq, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları çaşdırmaq cəhdlərinin qarşısını qətiyyətlə alırıq, bu sahədə öz fəaliyyətimizi Azərbaycanın müvafiq dövlət orqanları ilə əlaqələndirməyə çalışırıq".

R.Ağayev bildirib ki, Rusiya Azərbaycanlıları İttifaqı böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Rusiyanın ictimai-siyasi həyatına bu təşkilatın təsiri getdikcə daha artıq hiss olunur.

"Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.

Hazırda bu təşkilatın yaranması sayəsində azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmış, soydaşlarımız qarşısında parlaq perspektivlər açılmışdır.
Azərbaycan xalqının müstəqilliyini qorumaq hər birimizin müqəddəs borcudur. Cəmiyyətin qanuni qəbul etdiyi və qərarlarının yerinə yetirdiyi legitim hakimiyyət hamımızın istəyidir. Ancaq ölkənin maraqları və qürurunun qorunması yolunda xalqın indiki hakimiyyətin yardımına ehtiyacı var. Bu hakimiyyət, xalqın müstəqil qərarlar vermək haqqını ona qaytarılmalıdır".

R.Ağayev təəssüflə bildirib ki, bu gün nə hakimiyyət, nə də müxalifət Azərbaycanda bir-birinin mövcudluğunu qəbul edir.

"Onlar arasında güzəştsiz mübarizə bizi narahat edir. Siyasi hərəkata başçılıq edən liderlər və onların tərəfdarları arasında vasitəçi olan siyasi fəallar, təşkilatlara qoşulan tərəfdarlar öz siyasi davranışlarını obyektiv təhlil edib, tənqidi nəticələr çıxartsalar daha faydalı olar....

Biz Azərbaycan iqtidarının apardığı siyasətin məğzinin müxtəlif ictimai qrupların və siyasi subyektlərin yox, xalqın maraqları ilə uzlaşmasını istəyirik"-deyə general bildirib.

AzNews.az