İranda 6 azərbaycanlı fəal azadlığa buraxıldı
4 İyul 2013 09:11 (UTC+04:00)
İranda 6 azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın "Oyannews"a istinadən məlumatına görə, bunlar İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiyadakı təcridxanasında saxlanılan Urmiya Universitetinin müəllimi, xanım Suməyya Əlidusti, bloqqer Vəhid Faizpur (Kiyaksər), Meysəm Azadi, Qulam Qulizadə, Vəhid Nəsibi və Mürtəza Zərrindir. Azərbaycanlı fəallar 15 milyon zəmanətlə məhkəməyədək azadlığa buraxılıblar. Onlar hakimiyyət əleyhinə təbliğat aparmaq və məmurları döyməkdə ittiham edilirlər.
Qeyd edək ki, iyunun 27-də İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə aralarında 8 qadının da olduğu 36 nəfər azərbaycanlı fəal həbs edilib. Onlardan 30 nəfəri həmin gün sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Tutulanlar arasında İranın qadın futbolçulardan ibarət yığma komandasının oyunçusu Pəriya Xəlilzadə, anası Məsumə Pərivəj, bacısı Sevda Xəlilzadə, Hüseyn və Zəhra Zadqasımlar, Nima və Sina Həsənilər, Sima Sakini və Milad (Sabutay) Kolani, Tohid Həsəni, Səid Lütfi, Səid Əbdi və İrfan Müqüəddəm olub. Həbs zamanı İran nizam-intizam qüvvələri (polis) ilə azərbaycanlı fəallar arasında qarşıdurma baş verib. Buna səbəb polisin 26 iyun Ümumdünya İşgəncələrə Qarşı Mübarizə Günü münasibətilə ən çox işgəncələrə məruz qalmış mərhum professor Məhəmmədtağı Zehtabinin əziz xatirəsini yad etmək üçün Səhənd dağının yamaclarına toplantı keçirmək istəyən qrupdakı azərbaycanlılardan bir xanımı təhqir etməsi və ona qarşı sayğısızlıq göstərməsi olub. İran polisləri toqquşmanı yatırmaq üçün rezin dəyənəklərdən istifadə ediblər. Nəticədə bir neçə azərbaycanlı fəal yaralanıb, iki nəfər huşunu itirib. Hətta azərbaycanlı xanımlardan biri (onun universitet müəllimi Suməyya Əli Dusti olduğu deyilir) ağır yaralanıb.
Xatırladaq ki, bu il Güney Azərbaycanda Məhəmmədtağı Zehtabi ili elan edilib.
AzNews.az