Qanunsuz yolla Azərbaycana keçmək istəyən xarici vətəndaş saxlanıldı

4 İyul 2013 09:20 (UTC+04:00)
Gürcüstan vətəndaşının qanunsuz yolla Azərbaycan sərhədlərini keçmək cəhdinin qarşını alınıb.

AzNews.az Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmi saytına istinadən xəbər verir ki, qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində Şəmkir Sərhəd Dəstəsinin "Böyük Kəsik" sərhəd nəzarəti məntəqəsinin "Dəmiryolu" buraxılış məntəqəsində 30 iyun 2013-cü il tarixdə saat 23:50-də Azərbaycan sərhədini qanunsuz yolla keçmək cəhdinin qarşısı alınıb.

Gürcüstandan Azərbaycan istiqamətində hərəkət edən yük qatarında gizlənərək qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən, özünü 1969-cu il təvəllüdlü, Gürcüstan vətəndaşı Bedzina Soitaşvili kimi təqdim edən şəxs Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılmış, istintaq aparılır.

DSX ölkəmizin sərhədlərinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə işlərinin aparılmasını davam etdirir.

AzNews.az