“Amerikada da, Rusiyada da deyirlər ki, Azərbaycanın daxili işlərinə qarışmırıq” – Rüstəm İbrahimbəyov

4 İyul 2013 09:30 (UTC+04:00)


AzNews.az Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun "Yeni Musavat" qəzetinə verdiyi müsahibəni sizlərə təqdim edir:

- Rüstəm bəy, son günlər sizin mətbuat yazıları ilə bağlı sərt reaksiyalarınızı oxumaqdayıq. Bu cür kəskin münasibətin səbəbi nədir?

- Mətbuat yazılarından bir balaca narazıyam. Ona görə ki, iqtidara yaxın qəzetlər şayiə yayanda sizin qəzetlər onlara cavab verməlidir. Amma onların sözlərini təkrar edirlər. Gərək qəzetin də öz mövqeyi olsun. Başa düşürəm ki, mətbuat təmsilçisi olaraq siz obyektiv olmalısınız. Amma ayrı-ayrı hallarda öz mövqeyinizi də ifadə etməlisiniz.

- Sizin Azərbaycana qayıtmağınızı gözləyən və istəyənləri "dayaz", "təxribatçı" adlandırmağınız gözlənilməz, həmçinin kövrək birliyə zərbə kimi qarşılanır. Bu cür sərt münasibətə ehtiyac var idimi?

- Mən sizə dəfələrlə demişəm, seçki çox mürəkkəb bir məsələdir, buna ciddi hazırlaşmaq lazımdır. Təəssüf ki, Azərbaycanda bu mədəniyyət bir balaca zəifdir. Seçkilərin heç olmasa bir balaca saxtalaşdırılmasının qarşısını almaq üçün xaricdən mütləq təzyiq olmalıdır. Bu təzyiqləri kim təşkil edir? Heç kəs. Məndən başqa Azərbaycanda qüvvə yoxdur ki, bu problemlərlə sıx məşğul olsun. Ona görə də mən Amerikada, Avropada, Rusiyada bu işləri görürəm. Düzdür, bir çox adamlar bu məsələləri axıracan dərk etmirlər. Amma yüz faiz bilirəm ki, bunların arasında təxribatçı adamlar var. Onlar istəyirlər ki, bu işlərə maneə yaratsınlar. Çünki həmin adamlar mənim xaricdə apardığım işlərin mühümlüyünü başa düşürlər. Bu zaman iqtidar üçün çox çətin vəziyyət yaranır. Ona görə də deyirlər ki, bu, tez qayıtsın. Başa düşə bilmirəm mənim qayıtmağımı istəyənlərin məqsədi nədi. Mən vahid namizəd olmağa razılıq vermişəmsə, qayıtmaya bilmərəm axı. Mütləq Azərbaycana gəlməliyəm. Ehtimal var ki, gələndə məni tutsunlar. Amma mən bundan qorxmuram. Mən deyəndə ki, həbs ehtimalı var, bu, o demək deyil ki, ondan qorxub-çəkinirəm. Sadəcə mən bu işləri görməliyəm ki, sonra qayıdım və lazımi işi Azərbaycanda aparım. Başa düşmürəm ki, mənim Azərbaycana qayıtmamağımla bağlı məsələ qəzet səhifələrindən düşmür.

- Bu, həm də ona görə diqqət çəkir ki, Azərbaycanın çağdaş tarixində lider faktoru həlledici olub - Əbülfəz Elçibəy meydanda olub, proses gedib, sonrakı dövrdə siyasi arenada olan Heydər Əliyev ətrafına böyük qüvvə toplayıb. Yəni liderin ölkə xaricində olması isə ölkə daxilindəki proseslərə mühüm təsir göstərə bilməz yanaşması var, xüsusilə də söhbət prezident seçkilərinə 3 ay qaldığı dövrdə vahid namizədin xaricdə olmasından gedir...

- Meydan vaxtı mütləq gələcəyəm və meydanda olacağam. Amma iş ondadır ki, meydanqabağı işlər var, onları kim görəcək? Heydər Əliyev meydana çıxanacan Rusiyada və başqa ölkələrdə böyük işlər görüldü, sonra özü meydana çıxdı. Mən indidən meydana çıxsam, orda neyləyəcəyəm? Bu mənada meydan məsələsi mənə gülməli gəlir. Bir də ki, biz seçkidən danışırıq, ya meydandan? Seçkini hazırlamaq lazımdır. Mən yüz faiz əminəm ki, biz seçkini udacağıq. Amma o biri tərəfdən də yüz faiz əminəm ki, seçkilər saxtalaşdırılacaq.

- Amma bütün bunlar iqtidar təmsilçilərinin sözü olmasın, Azərbaycan daxilində baş verəcək. Hakimiyyətin müxalifəti xaricdə dəstək axtarışına çıxmaqla bağlı ittiham etməsi də sizin ölkədən kənarda olmağınızdan qaynaqlanır...

- Mən ona görə mətbuata təəccüblənirəm. İqtidar öz xeyrinə danışır. İqtidar təhlükənin hardan gələ biləcəyini başa düşür və onunla mübarizə aparır. Ağıllı politoloq isə belə cavab verərdi ki, ay əzizlərim, siz niyə narahatsınız ki, xaricdən kömək gələcək. Xaricdən kömək nə cür gələcək? Mənə Amerikada da, Rusiyada da, Avropada da hər zaman deyirlər ki, biz Azərbaycanın daxili işlərinə qarışmırıq, biz demokratiyaya dəstək verəcəyik, çalışacağıq ki, seçkilər bir az şəffaf və ədalətli keçsin. Bu, o demək deyil ki, müxalifət xaricdən kömək gözləyir. Seçkidə müşahidəçilər olmasa, seçkilər üçün normal vəziyyət yaranmasa, o seçkilər alınmayacaq, yəni saxtalaşdırılacaq. Mən ümidvaram ki, Azərbaycan xalqı saxtalaşdırma ilə razılaşmayacaq.

- Sizin namizədliyiniz təsdiqlənən gün Müsavat başqanı İsa Qəmbər ölkəyə dönüşünüzün vacibliyi barədə mövqeyini ifadə etmişdi. Ancaq bunun ardınca "dayaz", "təxribatçı" kimi fikirlər işlətməyinizdən sonra mətbuat yazdı ki, bu həqarətlər İsa Qəmbərə ünvanlanıb. Bu, belədirmi və hesab etmirsiniz ki, bu kimi fikirlər birliyin üstündən xətt çəkə bilər?

- Xeyir, xeyir, xeyir, elə deyil. Bu barədə deyilənlər böhtandır, şayiədir. Siz "Yeni Müsavat"da böyük hərflərlə yazın ki, Rüstəm İbrahimbəyov heç vaxt İsa Qəmbərə belə şeylər deməyib və belə fikirdə də olmayıb, bu barədə deyilənlər isə təxribatdır. Rüstəm İbrahimbəyov heç vaxt onun ünvanına belə sözləri nə fikirləşə, nə də deyə bilməz. Mənim İsa Qəmbərə böyük hörmətim var və bu fikirləri ona ünvanlamamışam. Mən ümumiyyətlə, mətbuatda iqtidar tərəfindən gələn reaksiyalara cavab vermişəm. İsa Qəmbər konkret olaraq deyir ki, Rüstəm İbrahimbəyov Bakıya gəlsin. Mütləq də gələcəyəm, Milli Şuranın da işləri gedəcək. Mən başa düşmürəm, necə ola bilər ki, mən gəlməyim? Dəfələrlə demişəm ki, mən heç nədən və heç kəsdən qorxmuram. Əgər mən seçkidə iştirak qərarı vermişəmsə, necə ola bilər Bakıya gəlməyim? Bu, nə söhbətlərdir? Bu məsələ məni özümdən çıxarır. Vaxtı çatanda meydana da çıxacağam. Amma hər işin öz mərhələləri var. Mənə öyrətməsinlər ki, sən bu işi belə, onu belə elə. 20 ildir ki, seçkiləri uduzuruq. Heç olmasa çalışaq ki, bu dəfə nəsə əldə edək. Mənim də dünyagörüşüm, təcrübəm, öz mövqeyim var. "Tez qayıtsın Bakıya, meydana çıxsın" kimi söhbətlər nədir axı? Bu, çox aşağı siyasətçilərdən, daha doğrusu, iqtidardan gələn təxribatdır. Çünki bu imkanları mənim əlimdən almaq istəyirlər.

- Sizin təcrübənizə, biliyinizə, dünyagörüşünüzə kimsənin şübhəsi yoxdur. Sadəcə, Azərbaycanda Rəsul Quliyev nümunəsi var, illərdir vətənə gəlmək istəyir, bu, mümkün olmur...

- Rəsul Quliyev öz hərəkətlərinə özü cavab verməlidir. Mən Rəsul Quliyevlə bağlı işin içində deyiləm, bilmirəm nə səbəbə gəlməyib, bəlkə onu buraxmayıblar. O, mənim üçün nümunə deyil. Mənim Rəsul Quliyevə böyük hörmətim var, mənə elə gəlir ki, böyük şəxsiyyətdir. Amma o vaxt nə baş verib, mən dəqiq bilmirəm. Çünki o vaxt siyasətə elə də fikir vermirdim. Mən bir Azərbaycan vətəndaşı, Azərbaycanın patriotu kimi razılıq vermişəm ki, vahid namizəd kimi bu seçkilərdə iştirak edim. Onu da demişəm ki, Azərbaycanda məni hər şey gözləyə bilər. Bu, məni qorxudurmu? Xeyir, qorxmuram! Mən üzərimə düşən işi axıracan yerinə yetirəcəyəm və nə vaxt lazımdır missiyamı başa çatdırıb Azərbaycana qayıdacağam və seçkilər saxtalaşdırıldığı halda xalq meydana çıxsa, mən xalqla olacağam. Ondan qabaq mitinqlərdə də iştirak edəcəyəm. Amma hər şeyin vaxtı var.

- Sizin dediklərinizə şübhəmiz yoxdur. Amma Rəsul Quliyev kimi sizin də yolunuzu kəsə, yaxud barənizdə cinayət işi aça bilərlər. Bu zaman nə edəcəksiniz?

- Mənim qarşımı necə kəsə bilərlər? Mənim qarşımı heç kəs kəsə bilməz. O zaman məni sərhəddə 2-3 saat saxlamışdılar, indi də saxlaya bilərlər və Azərbaycanın daxilində mənim taleyimi həll edə bilərlər. Amma buraxmaya bilməzlər. Çünki mənim vəziyyətim Rəsul Quliyevin vəziyyətindən fərqlidir. Mən konkret bilmirəm ki, o vaxt gələndə Rəsul Quliyevi niyə buraxmadılar, necə gəlirdi. Mən o xırdalıqları bilmirəm və bilmək də istəmirəm. Mən konkret özümdən danışıram. Məni Azərbaycana buraxmamaq mümkün deyil. Azərbaycanda başıma nə gələcək, onu indidən deyə bilmərəm. İndi tədbirlər görürəm ki, həbsimlə bağlı ehtimalı azaldım.

- İsa Qəmbər deyib ki, ümid edirik Rüstəm bəydən "namizədliyim qeydə alınsın, sonra gələcəyəm", yaxud "yüz minlik mitinq yığılsın, sonra gələcəyəm" kimi sözlər eşitməyəcəyəm.

- Mən belə sözlər deməmişəm və deməyəcəyəm də. Siz qanunları məndən yaxşı bilirsiniz. Artıq mənim namizədliyimi irəli sürüblər. Sentyabr ayında isə rəsmi qeydiyyat prosesi başlayacaq. Mən isə ondan çox əvvəl gələcəyəm. İndi gəlməyimin mənası yoxdur. İyulun axırı, avqustun əvvəli gəlməyi nəzərdə tutmuşam, işlərdən asılıdır, bu işləri qurtaran kimi gəlirəm. Bu işlər də seçki məsələləri ilə bağlıdır, başa düşürsünüzmü? Elə işlər görürəm ki, məni sərhəddə saxlamasınlar, saxlayanda da məni azadlıqdan məhrum etmək imkanları olmasın. Mən bu işləri görməsəm, kim görəcək. Axı bu işlər də "Yeni Müsavat" qəzetindən asılı deyil. Heç Müsavat Partiyasından, Milli Şuradan da asılı deyil. Bu, əsasən xalqın iradəsindən asılıdır. Ancaq mən istəmirəm ki, seçkidən qabaq xalq qalxsın, üsyan olsun. İstəyirəm ki, elə demokratik şərait yaransın ki, mən Azərbaycana gəlim və bu işləri görə bilim. Amma nə olur-olsun mən seçkidən 1 ay qabaq, ondan da tez Azərbaycana gələcəyəm. Bununla bağlı deyilən o fikirlər ya anlamazlıqdır, ya da təxribatdır. Çünki mənim orda olmağım işin xeyrinə işləmir. Orda 128 nəfər Milli Şura üzvü var, Azərbaycanda onlar işləməlidir. Burdakı işləri də mən görürəm.

- Nə qədər əminsiniz ki, beynəlxalq aləm bu dəfə demokratiya, azad seçkini hədəfləyib?

- Mən nə cür əmin ola bilərəm? Hələ çalışıram ki, onlar bu mövqedə olsun. Odur ki, əlimdən gələni edirəm, vəziyyəti başa salıram. Amma bunlar inanmalıdır ki, Azərbaycanda doğrudan da təzə siyasi qüvvə yaranıb, o qüvvə xalqın mövqeyindən çıxış edir, Milli Şura bu xalq üçün tarixi hadisədir, bu qurumun məqsədi nədir. Bunları onlara başa salmaq lazımdır. Başqa ölkələrdə bu cür böyük işi yüzlərlə adamlar edirlər. Təəssüf ki, Azərbaycanda bu işləri görən yoxdur. Deməli, mən iş aparmalıyam ki, Milli Şuranın məqsədlərinin nə olduğunu izah edim, müxalifətin 20 ildə ilk dəfə birləşdiyini, xalqın vəziyyətinin hər an partlayışa gətirib çıxara biləcəyini, korrupsiya ilə bağlı vəziyyəti çatdırım.


AzNews.az