İslamiada: Azərbaycan taekvondoçuları 1 dəst medal qazanıblar

10 Avqust 2022 21:50 (UTC+04:00)

Azərbaycan taekvondoçusu Cavad Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Aznews.az xəbər verir ki, 68 kq-dakı idmançı həlledici qarşılaşmada uduzaraq, gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan taekvondoçuları 1 dəst medal əldə ediblər. Daha əvvəl Fəridə Əzizova (67 kq) qızıl, Patimat Abakarova (49 kq) isə bürünc medala sahib çıxıb.

20:32

Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

67 kq-da yarışan idmançı finalda iranlı Zeynəb İsmailiyə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

68 kq çəkidəki Cavad Ağayev isə finalda özbəkistanlı Uluqbek Raşidova uduzaraq, gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan taekvondoçuları günü bir dəst medalla başa vurublar. Bürünc medalı 49 kq çəkidə Patimat Abakarova əldə edib.

19:10

Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 67 kq-da yarışan idmançı yarımfinalda Mərakeşli Safi Salihə qalib gəlib.

68 kq-dakı Cavad Ağayev də yarımfinalda Seneqal təmsilçisini məğlub edərək, finala adlayıb.

Bu isə o deməkdir ki, Əzizova və Cavadov ən azı gümüş medalı özləri üçün təmin ediblər.

18:32

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.

49 kq-da çıxış edən taekvondoçu Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.

Bu gün həmçinin Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medal əldə edib.