Nazirliyin sabiq şöbə müdiri şeyxlə münasibətlərindən danışdı

4 İyul 2013 09:42 (UTC+04:00)
Bir neçə gün əvvəl mətbuatda belə məlumatlar yayılmışdı ki, yeni təhsil naziri Mikayıl Cabbarov qurumda kadr dəyişiklikləri edərkən Qafqaz Müsəlmanları Idarəsinin sədri, şeyx Allahşükür Paşazadə Şahrza Əliyev üçün ona ağız açıb.

Nazirə telefon açan şeyx hökmlə "Şahrza Əliyev mənim adamımdır, o işləməlidir" deyib. Əvəzində Mikayıl Cabbarov "baş üstə, şeyx həzrətləri" deyib. Bundan sonra Şahrza Əliyevi yanına çağıran təhsil naziri ona Allahşükür Paşazadə tərəfindən tapşırıldığını və gedib işi ilə məşğul olmasını deyib. Bundan sonra vəzifəsində saxlanılacağından əmin olan Şahrza Əliyev sevincək nazirin iş otağından çıxıb. Ancaq axşam saatlarında Mikayıl Cabbarovun kabinetinə çağırılan Şahrza Əliyev bu dəfə fərqli bir situasiya ilə qarşılaşıb. Nazirin "ərizəni yazdınmı" sualından şoka düşən şöbə müdiri hansı ərizəni yazmalı olduğunu soruşub. Əvəzində M.Cabbarov onun işdən çıxmaqla bağlı ərizə yazmalı olduğunu deyərək, elə kabinetindəcə Şahrza Əliyevə işdən çıxmaqla bağlı ərizə yazdırıb.

Lakin bu xəbər QMI sədri tərəfindən təkzib olunub. QMI-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, məlumat həqiqətə uyğun deyil, Şeyxülislam Şahrza Əliyev adlı adam tanımır.

Bununla belə yenidən məlumat yayıldı ki, Şeyxin uzun illər Şahrza Əliyevi himayə edib və bu Allahşükür Paşazadənin Şahrza Əliyevlə bağlı ilk xahişi olmayıb.

"Azadlıq" məsələ ilə bağlı Şahrza Əliyevin özü əlaqə saxlayıb. O, iddia edib ki, Şeyxlə yaxından tanışlığı yoxdur: "Bu məlumatların heç bir əsası yoxdur. Mən ömrümdə Şeyxlə görüşməmişəm. Onunla nə qohumluq əlaqələrimiz var, nə də tanışlığımız. Mənim karyeramdə heç valediyenlərimin rolu olmayıb, o ki, qaldı Şeyxin rolu ola. Mən öz elmimlə, bacarığımla bu səviyyəyə çatmışam. Indiyə qədər 7 nazirlə işləmişəm. Iqtisad elmləri namizədiyəm. Sadəcə yeni nazir gəldikdən sonra mən öz ərizəmlə işdən çıxdım. Mən öz ərizəmlə işdən çıxanda Mikayıl müəllim məni yeni işlə təmin edəcəyini bildirib. Başqa yerlərdən də mənə təkliflər gəlib. Lakin işlədiyim müddətdə işim ağır olub. Sentyabr ayına kimi dincəlmək istəyirəm. Ondan sonra mənə edilən təklifləri dəyərləndirəcəm".

Keçmiş müdir fəaliyyətilə bağlı yazılanlara da münasibət bildirib: "Mənim fəaliyyətim həmişə şəffaf olub. Hesablama Palatası yoxlamalar aparıb, heç bir neqativ hal aşkar edilməyib. Bunlar hamısı əsassız məlumatlardır".

AzNews.az