Keşiş Nersesin cavabı və ermənilərin əsas problemi

12 Avqust 2022 18:40 (UTC+04:00)

1774- cü ildə Osmanlı ilə Rusiyanın növbəti savaşının nəticəsi olaraq Kiçik Qaynarca sülh müqaviləsi imzalandı.

Bu müqavilə Rusiyaya Krımın ilhaqı üçün yeni imkanlar yaratdı, Bosfor boğazı türklərin birbaşa kontrolundan çıxdı və Çar iqamətgahı Osmanlının iç işlərinə qarışmağa ixtiyar qazandı.

18-ci əsrin sonlarında Britaniyanın Amerika qitəsindəki koloniyalarını itirməyə başlaması Londonun diqqətini Hindistana çevirdi, 1789-cu ildəki inqilabdan sonra Fransa dişlərini Misirə qıcadı.

Yeni dünyada Osmanlını sıradan çıxarmaq və bölmək niyyətləri 1815-ci ildə Vyanada "Şərq məsələsi"nə döndü.

Bu termin ilk dəfə Vyana konkresində rus çarı I Aleksandr tərəfindən ortaya atıldı və zamanca geopolitikanın əsas anlayışlarından birinə çevrildi.

"Şərq məsələsi"nin arxa planında, əslində, TÜRK MƏSƏLƏSİ dayanırdı. Əsas qayə türk dövlətini ortadan qaldırmaq, hətta türkləri Anadoludan çıxardıb Orta Asiyaya göndərmək idi.

1838-ci ildə Osmanlı İngiltərə ilə Balta Limanı Sazişini imzaladı və bununla iqtisadi iflasını rəsmən elan etmiş oldu. Misir valisi Kavalalı Mehmet Paşa üsyanları nəticəsində isə, Osmanlının hərbi baxımdan qüdrətini itirdiyi üzə çıxmışdı.

1856-ci ildən etibarən, yəni Paris Müqaviləsindən sonra Rusiya Şərqi Anadolu üçün artıq "Türk Asiyası" deməkdən imtina edib, həmin ərazini "Ermənistan" adlandırmağa başladı.

Ermənilər monofizit kilsədəndir, nə Rusiyanın Osmanlıda himayəyə götürdüyü ortodoks, nə Britaniyanın təşkilatlandırdığı protestant xristian icmasıdır. Buna baxmayaraq, "Şərq məsələsi tezliklə həm də "erməni problemi"nə çevrildi.

3 mart 1878-ci idə daha bir Osmanlı-Rusiya savaşının nəticəsi olaraq imzalanan San-Stefan müqaviləsində "erməni məsələsi" tarixdə ilk dəfə bir dövlətlərarası sözləşməyə mövzu olur və Osmanlıdan "Ermənistanda islahat aparmaq" tələb edilirdi. Bu sözləşmənin 16-cı maddəsinə görə Rusiya "ermənilərin hamisi" statusunu qazanmışdı.

17 mart 1878-ci il. Erməni patriki Nerses İstanbulda İngiltərə səfirini Layardın ziyarətinə yollanır.

Patrik səfirə deyir: "Bir il qabaq Osmanlıdan elə bir şikayətimiz yox idi. Ancaq Rusiyanın savaşda qələbə qazanması şəriati dəyişib. Şərqdə müstəqil bir dövlət qurmaq istəyirik. Əgər siz də razısınızsa və yardım edərsinizsə, bunun üçün Rusiyaya müraciət etməyi planlaşdırırıq".

Səfir:

- O dövlətin adı nə olacaq?

Keşiş:

- Ermənistan!

Bu cavabdan sonra Layard Nersesdən "Ermənistan" deyəndə konkret hansı əraziləri nəzərdə tutduğunu soruşur və "Van, Sivas, Diyarbəkr və Klikiya" cavabını alır. Cavab Layardı qane etmir, "axı orada da etnik azlıqsınız" deyə Nersesə demoqrafik reallığı xatırladır.

Nerses cavab verir:

"Bəli, elədir. Bunu bilirik. Amma indi Rusiya Şərqdə torpaqlar əldə edir. Rusiya və Osmanlı arasında güc dəngəsi dəyişir. Biz də öz gələcəyimizi düşünməliyik".

Xronologiyanı davam etdirmək, hadisələrin sonrakı inkişafını yazmaq istəmirəm. Bayaqdan bəri sadaladığım tarixi faktlarla sözü məhz bu yerə gətirmək və 44 günlük savaşdan sonra erməni cəmiyyətinin əsas problemlərinə nəzər salmaq istəyirdim.

Bu problemlemin arxa planını aydın görə bilmək üçün Nersesin cavabındakı detallara diqqət edək.

Birincisi, ermənilər həmişə etnik azlıqdan etnik çoxluğa çevrilmək istəyiblər və bunun yolunu təbii demoqrafik dəyişikliklərdə yox, başqa xalqlara, xüsusən də biz türklərə qarşı aqressiyada görüblər.

İkincisi, ermənilər hər zaman qlobal, geosiyasi təlatümlər axtarışında olublar ki, nəhənglərin toqquşmasında türklərə qarşı öz xidmətlərini təklif edib, siyasi dəstək alsınlar.

Üçüncüsü, ermənilərin gələcək arzusu hər zaman özünəyetərlilik imkanlarına zidd olub.

Dördüncüsü, keşişin səfirə verdiyi cavabdan da bir daha aydın olur ki, ermənilər məhz Anadoluda dövlət qurmaq istəyirdilər. Qafqazdakı Ermənistan tam süni dövlət olmaqla bizim Çar Rusiyasının tarix səhnəsindən çıxmasına hazır olmamağımızın sonucu idi.

Elə 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində də ermənilər Azərbaycan torpaqlarını ona görə işğal edə bildilər ki, SSRİ-nın dağılma prosesinə bizdən daha çox hazır idilər və ərazi iddialarını gerçəkləşdirmək üçün daha yaxşı təşkilatlanmış, daha dəqiq plan qurmuşdular. Ancaq bu təşkilatlanma və planlaşdırma işğal faktına məhz kənar dəstəyin- Moskvanın hərbi, Qərbin maddi, İranın siyasi yardımlarıının hesabına mümkün olmuşdu.

44 günlük savaşdan sonra erməni cəmiyyətinə bir psixoz hakimdir.

Erməni cəmiyyəti "necə oldu ki, II Qarabağ savaşında məğlub olduq" sualına cavab tapmaq istəmir. Hərbi-siyasi məğlubiyyətlərini Paşinyanın üzərinə "təslmçi Nikol" qışqıraraq yıxmaq dərin bir aqoniyanın sonucudur. Onlar əsl gerçəkliklə üz-üzə gəlmək, dünyanın dəyişən reallıqları müqabilində istifadə müddətlərinin bitdiyini qəbul etmək istəmirlər. ATƏT-in Minsk Qrupu ölkələri tərəfindən çıxdaş olunmaları onları "biz necə müstəqil yaşaya bilərik" sualı qarşısında qoyur, özünəyetərli ola bilməmək problemlərini aktuallaşdırır və nəticədə yeni hami axtarışına çıxırlar. Təxminən 250 il ərzində "Şərq məsələsi"nin etnik azlıq olaraq əsas oyunçusu olmuş ermənilər indi daha şərqin- İranın ümidinə qalıblar. Bu, artıq zamanın ermənilərə ironiyasıdır!

Erməni cəmiyyətində digər ən ciddi sorun revanşizmlə bağlıdır. Dediyim kimi, türkə qarşı aqressiya erməni cəmiyyəti üçün ənənəvi və başlıca xüsusiyyətdir, milli identifikasiya məsələsidir və etnik azlıqdan çoxluğa çevrilmək mexanizmini hərəkətə gətirən duyğudur. Erməni kilsəsi və siyasəti dünənə qədər bu duyğuların Türkiyə qarşısında aciz olduğunu başa düşür və nifrətlərini Azərbaycana yönəldir, işğal altındakı torpaqlarımızı xarabaya çevirirdilər. Ancaq İkinci Qarabağ savaşından sonra artıq Azərbaycan qarşısında da gücsüz olduqlarını gördülər və görürlər. Qalır bircə yol: nifrəti gələcəyə daşımaq, yeni təlatümlər gözləmək və Rusiyanın Ukraynadakı savaşı uduzmasından bəhrələnib bölgəyə daha fərqli bir hərbi güc, lap elə İranı gətirməklə Azərbaycanı və Türkiyəni fakt qarşısında qoymaq...

Bu məqamda mən İlham Əliyevin hərbi-siyasi, geostrateji dühasına və onun erməni cəmiyyətinin diskurslarına dərindən bələd olmasına daha bir dəfə heyranlıqla diqqət çəkmək istəyirəm. Zənnimcə, avqustdakı "Qisas" əməliyyatının bizim o günə qədər keçirdiyimiz bütün hərbi əks-həmlələrdən çox mühüm bir fərqi var. Qarabağ münaqişəsi başlayandan bəri bizim bütün hücum və əks-hücum planlarımız İŞĞALÇILIQ SİYASƏTİNƏ qarşı idi. Amma 3 avqustda Azərbaycan ilk dəfə REVANŞİZMə qarşı əməliyyat keçirdi və Laçın şəhərinin, Zabuxun, Susun boşaldılmasına təminat almaqla erməni cəmiyətindəki post-savaş paradiqmalarını yenidən şəkilləndirdi. Budur, Ermənistandan Suren Petrosyan adlı populist və revanşist bir siyasətçi Zabuxa gəlib və oradan çağırış edir: "500 nəfər erməni gəlsin, məntəqələri Azərbaycana təhvil verməyək". Bu çağırışlar havada qalır və ermənilər son 30 ildə həmin yerlərdə qanunsuz məskunlaşdırılan və həyatdan köçən yaxınlarının sümüklərini də çıxararaq torpaqlarımızdan rədd olmağa hazırlaşırlar.

Bəli, Azərbaycan torpaqlarında ermənilərin heç bir gələcəyi yoxdur!

Nerses ermənilərin etnik və dini azlıq kimi yaşadığı Anadolu torpaqlarında dövlət qurmaq arzusunu ifadə edəndə "GƏLƏCƏYİMİZİ DÜŞÜNMƏLİYİK" deyirdi.

Çox pakizə, bəs, bu gün ermənilər öz gələcəklərini necə təsəvvür edir?

Ənənəvi xislətlərini dəyişməyəcəklərsə, Qərbi Zəngəzuru, hətta İrəvanı da itirə, dövlət olmaq şanslarından məhrum ola bilərlər. Bu, heç də hədə deyil. Arxitekturası çökmüş dünyada bəlkə də çox yaxın gələcəyin qaçılmaz reallığıdır. Odur ki, ermənilərin özünə verməli olduğu sual budur: biz uşaqlarımıza, gələcək nəsillərə necə bir ölkə və region qoymaq istəyirik? "Bayraqdar"ların gələcək nəslinin gələcək nəsillərini havaya uçurmasını istəyirlər, yoxsa sülh və əməkdaşlıq mühitində yaşamaq?

Bu suala bəşəri və sivil baxımdan müsbət cavab vermək üçün ermənilər öz yalançı tarixləri və ideologiyaları ilə üzləşməlidir.

Soyuq başla düşünsələr, "Şərq problemi"- Türk-Erməni ixtilafı 10 noyabr 2020-ci ildən etibarən artıq keçmişdə qalıb, indi "Erməni-Erməni" problemi var.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru