"Turan Tovuz" Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb

13 Avqust 2022 22:25 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Aznews.az xəbər verir ki, günün ikinci matçında "Səbail" "Turan Tovuz"u qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Bölgə klubunun qolunu 47-ci dəqiqədə Natan Oduva vurub.

Beləliklə, çempionatda ilk qələbəsini qazanan "Turan Tovuz" xallarının sayını 3-ə çatdırıb. "Dənizçilər" iki oyundan sonra xalsız qalıb.

Qeyd edək ki, günün ilk matçında "Qarabağ" "Sumqayıt"ı məğlub edib - 2:0. Turun açılış görüşündə "Sabah" səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək "Qəbələ" - "Şamaxı" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.