“Bəzi reklamlardakı ifadələr mənim xoşuma gəlmir“

4 İyul 2013 11:40 (UTC+04:00)
Səhiyyə Nazirliyi hələ də reklamına icazə verilən dərmanların və özəl klinikaların tam siyahısını Milli Televiziya və Radio Şurasına (MTRŞ) göndərməyib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli Lent.az-a açıqlamasında deyib ki, bununla bağlı məsuliyyət Səhiyyə Nazirliyinin üzərinə düşür: "Nazirlik reklamına izacə verilən dərmanların və klinikaların siyahısını müəyyən edib MTRŞ-ya göndərməlidir. Əks halda biz telekanallarda gedən bütün reklamlar barədə ayrıca araşdırma aparmaq qüdrətində deyilik".

Şura sədri deyib ki, MTRŞ üzərinə düşən işi yerinə yetirir: "Özəl klinikaların və dərmanların siyahısı bizə göndərilərsə, onların adlarını bütün telekanallara göndərə və lazımi nəzarət tədbirlərini həyata keçirə bilərik. Hazırda isə bu, tam şəkildə mümkün deyil. Bəzi reklamlardakı ifadələr mənim xoşuma gəlmir, ədəbi dilə uyğun olmayan və etik danışıq dilindən uzaq ifadələr səslənir. Bunların qarşısını almaq lazımdır".

AzNews.az