İlon Mask “Mançester Yunayted” futbol klubunu alıb

17 Avqust 2022 09:16 (UTC+04:00)

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın aldığını açıqlayıb.

Bu barədə “Report” İlon Maskın tviter səhifəsinə istinadən xəbər verir.

"Aydın olmaq üçün: mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, "Mançester Yunayted"i satın alıram, xoş gəlmisiniz", - İlon Mask sosial şəbəkə hesabında yazıb.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.

“Mançester Yunayted” 1878-ci ildə qurulub. Bu, İngiltərənin titulların sayına görə ən uğurlu klublarından biridir. Əvvəllər “Forbes” bütün aktivləri ilə birlikdə klubun dəyərini 4,6 milyard ABŞ dolları qiymətləndirib.