Tofiq Zülfüqarov: “Rusiya Ermənistandan çıxır”

17 Avqust 2022 17:33 (UTC+04:00)

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Notaya səbəb İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı Rusiyanın ittiham edilməsi olub.
Ermənistan mediası Rusiyanın dövlət strukturlarını ittiham edərək, hadisənin onlar tərəfindən törədildiyini iddia edib. Rusiya səfirliyi buna etiraz olaraq XİN-ə nota göndərib.

Mövzu barədə fikirlərini Elchi.az-la bölüşən Azərbaycanın sabiq Xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistan mediasında “Sürməli” ticarət mərkəzindəki partlayışda “Rusiya izi” barədə o qədər xəbər yayıldı ki, Rusiyanın İrəvandakı səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmək məcburiyyətində qaldı:

“Həqiqətən də Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən metro və hava limanlarına mina yerləşdirilməsinin Rusiya kəşfiyyatının təşkili olduğuna dair yazılar çoxalıb. Ancaq Ermənistanda ticarət mərkəzindəki partlayışda kimin əli olduğu önəmli deyil. Çünki Rusiyanın Ermənistandan uzaqlaşma prosesi gedir. Hələ 2-3 il bundan öncə söyləmişdim ki, Rusiya yaxın illər ərzində İrəvandan çıxacaq. Gec və ya tez bu baş verəcək. Rusiyada güclü olan erməni lobbisi imkanları çərçivəsində bu prosesi ləngidir. Real müşahidəçilər baş verənləri görürlər və regionda baş verən proseslər də bunu göstərir”.

T.Zülfüqarov vurğulayıb ki, Rusiya Paşinyanı qəbul etmir. O da istəyir ki, qərbyönümlü siyasətini gücləndirsin və qərbdən dəstək alsın:

“Paşinyan anlayır ki, onun müxalifəti Rusiyaya meyllidir. Rusiya notasında belə bir cümlə var: “Rusiya və Ermənistanın müttəfiqlik münasibətlərini pozmaq istəyən siyasi qüvvələrin təxribatını qınayırıq, Ermənistan hökumətindən qəti addımlar, o cümlədən şərhlər gözləyirik”. Kremlin təlimatıyla hazırlanan bu cümlədə əslində təxribatın arxasında hakimiyyətə bağlı qüvvələr nəzərdə tutulub. Görünür, Kreml hesab edir ki, baş nazir Nikol Paşinyan və onun tərəfdarları Rusiyadan narazılıqlarını təxribatların arxasında Moskvanın adını hallandırmaqla bildirməyə çalışırlar. Təsadüfi deyil ki, Kremlə yaxın rusiyalı siyasi ekspertlər mediada Paşinyanın Qərbə satıldığını iddia edirlər”.