“Dəniz kuboku”: "Hava hədəfinə artilleriya atışı" çalışması yerinə yetirilib

18 Avqust 2022 23:59 (UTC+04:00)

Azərbaycan, Qazaxıstan, Rusiya və İranın hərbi dənizçilərinin iştirakı ilə keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqənin növbəti gününün proqramına uyğun olaraq iştirakçı komandalar "Hava hədəfinə artilleriya atışı" çalışmasını yerinə yetiriblər.

Çalışmanın şərtinə əsasən döyüş hazırlığı poliqonuna çıxan gəmilərin heyətləri göyərtə kompleksində quraşdırılmış artilleriya qurğularından istifadə etməklə təyin olunmuş hündürlükdə yerləşən hava hədəfinə atəş açıblar.

Hədəfin məhv edilməsinə və seçilmiş sürət həddinə görə hakimlər tərəfindən qiymətləndirilmə aparılıb.

Müsabiqədə iştirak edən komandaların hər biri çalışmanın öhdəsindən bacarıqla gəlib.