Doğu Akdeniz Universitetinin rektoru Bakıya gəlib–Səbəb

4 İyul 2013 13:31 (UTC+04:00)
Şimali Kiprin Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztoprak Bakıdadır.

Ali təhsil ocağı rəhbərinin 4 günlük səfərində əsas məqsəd təhsildə əməkdaşlıqdır.

Bu barədə məlumatı AzNews.az-a rektorun müşaviri İmran Muxtarov verib. Onun sözlərinə görə, Avropanın ən nüfuzlu universitetləri siyahısında olan Doğu Akdeniz Universitetində 2000 azərbaycanlı oxuyur. Bir sıra universitetlərlə sıx əməkdaşlıq qurulub: "Hazırda Azərbaycan Texniki, Mədəniyyət və İncəsənət, Naxçıvan Dövlət və başqa universitetlər ilə ikitərəfli tələbə mübadiləsi həyata keçirilir. Bu səfər çərçivəsində Abdullah Öztorpaq bir sıra universitetlərin - Azərbaycan Pedaqoji Universitetinin, Rəssamlıq Akademiyasının, Memarlıq və İnşaat Universiteti və Turizm İnstitutunun rəhbərləri ilə görüşüb. Yaxın gələcəkdə həmin ali məktəblərlə də Memorandum imzalanması nəzərdə tutulub".

İ.Muxtarov bildirib ki, Doğu Akdeniz Universiteti Azərbaycanın təhsil ocaqları ilə mövcud əməkdaşlığı genişləndirmək, tələbə mübadiləsinin həcmini artırmaq fikrindədir.

Qonaq bu gün Milli Məclisdə də olub və millət vəkili Məlahət İbrahimqızı ilə görüşüb. Sabah isə ölkənin kütləvi informasiya vasitələri üçün geniş mətbuat konfransı keçiriləcək.

Ruhiyyə
AzNews.az