Məhəmməd İslami: "İranda atom enerjisi məktəblərinin genişləndirilməsi zəruridir"

21 Avqust 2022 19:13 (UTC+04:00)

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami elan edib ki, təşkilatın inkişaf sənədinə əsasən, yaxın 20 ildə nüvə elektrik stansiyaları sektorunda “ən azı 30 min ixtisaslaşmış kadr” hazırlanmalıdır.

Aznews.az xəbər verir ki, M.İslami bunu ölkənin təhsil müdirləri və rəhbərlərinin iclasındakı çıxışında deyib.

O bildirib ki, İranda atom enerjisi məktəblərinin genişləndirilməsi zəruridir: "Biz bu məktəbləri ibtidai məktəbdən açmağa qərar verdik. Məktəblər nüvə obyektləri olan şəhərlərdə təsis olunacaq və genişləndiriləcək".

Hazırda yalnız Tehranda atom enerjisi üzrə qız və oğlan liseyləri fəaliyyət göstərir.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri nüvə texnologiyası üzrə məktəblərinin yaradılacağı şəhərlərin adlarını açıqlamayıb, lakin İranın məşhur nüvə mərkəzləri Buşəhr, İsfahan, Mərkəzi və Qum əyalətlərində yerləşir.

Cari ilin aprelində M.İslami İranın Atom Enerjisi Təşkilatı üçün 20 illik strateji inkişaf sənədinin hazırlandığını elan etmişdi.