Paşinyan bu dəfə devriləcək?

25 Avqust 2022 10:53 (UTC+04:00)

İrəvandakı revanşist qüvvələr ötən ay hər gün aksiya keçirərək Nikol Paşinyanın istefasını tələb edirdilər. Lakin Paşinyan hökuməti müxalifətin etirazlarının öhdəsindən gəlməyi bacardı və aksiyalar dayandı.
Buna baxmayaraq, son günlər erməni müxalifətinin nümayəndələri növbəti dəfə mitinq çağırışları edirlər. Görünən odur ki, Ermənistan müxalifəti yenidən dirçəlir və Paşinyanı devirməklə hədələyirlər.
Maraqlıdır, Nikol Paşinyan devrilə bilər?
Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan 44 günlük Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən sonra dirçələ bilmir:
“Ermənistan iqtisadi, siyasi, hərbi və geosiyasi anlamda bütün sahələrdə dərin tənəzzül yaşayır. Ona görə də Ermənistanın iqtidari ilə bərabər müxalifəti də rəzil durumdadır. Bəlkə də son 100 ildə yeganə toplumdurlar ki, məğlub olmuş və kapitulyasiya aktına imza atmış iqtidarı yenidən hakimiyyətdə saxladılar. Bu, Paşinyana olan sevgi deyildi. Əksinə yaramaz və cəllad keçmiş hərbi cinayətkarların və bu gün müxalifət cildinə girmiş insanların hakimiyyətə gəlməməsi üçün lap pisdən bir az pis olanı seçməkdir. Yəni heç biri yaxşı deyil, amma indiki Ermənistan müxalifəti cəmiyyətinin gözündə heç nəyə yaramayan cinayətkar, korrupsioner və iqtidarda olduğu dönəmdə ölkənin bütün pullarını mənimsəyənlərdir”.
Millət vəkili qeyd edib ki, bugünkü erməni iqtidarı ilə cəmiyyətinin müxalifətlə bağlı fikirləri üst-üstə düşür:
“Əhalinin böyük əksəriyyəti onlara inanmır. Çünki müxalifət mitinqlərində və aksiyalarında gələcəklə bağlı heç nə söyləyə bilmirlər. Yalnız hərbi ritorika və populist fikirlər səsləndirirlər. Hətta Ermənistan müxalifəti dirçəlsə belə, bu çox kiçik bir qisimdir. Buna baxmayaraq, Nikol Paşinyanın ətrafını gücləndirdiyini düşünürəm. Hələlik Paşinyanın devrilməsi üçün siyasi və digər səbəblər də mövcud deyil”.