Smartfonlar istifadəçinin əhval-ruhiyyəsini təyin edəcək
4 İyul 2013 18:48 (UTC+04:00)
Microsoft korporasiyası smartfonun avtomatik istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirməyə və bu informasiyanı sosial şəbəkəyə göndərməyə imkan verən texnologiyanın yaradılması üzərində işləyir.
AzNews.az ICTnews-ə istinadən bildirir ki, Microsoftun yeni texnologiyası Moodscope adlandırılıb. Sözügedən texnologiya smartfon üçün yaradılmış tətbiqdən ibarətdir və əhval-ruhiyyəni bir neçə kateqoriya (həyəcan, xoşbəxtlik, gərginlik, sıxıntı, sakitlik, həyəcan, dilxorluq üzrə təsnif edir. Cari əhval-ruhiyyə bir sıra əlamətlərə görə təyin edilir: bu və ya digər tətbiqlərdən istifadə, zənglər, yazışma, brauzerdə baxışların tarixi, məkan və s.
Sözsüz ki, sözügedən texnologiyadan istifadə məxfiliklə bağlı müəyyən problemlər yaradacaq. Bununla belə, Microsoft əmindir ki, sistem insanların ünsiyyət saxlamasına və bir-birinə qarşı diqqətli olmasına kömək edəcək. Məyus olmuş istifadəçinin köməyinə dostları gələcək və s.
Hazırda Microsoft korporasiyasının sensorlarının dəqiqliyi kifayət qədər yüksəkdir. Fərdi sazlamadan sonra istifadəçinin əhval-ruhiyyəsi 95% hallarda düz təyin edilir.
Hazırda tətbiqin prototipi iOS və Android platformalarında işləyir. Proqram fon rejimində işləyir, lakin az enerji sərf edir.
AzNews.az