Bir zamanların sülh “göyərçinləri” niyə “missiya”larını dəyişməyə qərar verdi?

31 Avqust 2022 13:37 (UTC+04:00)

Şuşada keçirilən işğaldan azad edilmiş bölgələrdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr edilmiş toplantıda 60-dan çox ölkədən, 19 beynəlxalq təşkilatdan səfirlərin, diplomatların, hərbi attaşelərin iştirakı ilk növbədə Azərbaycanın regionda həyata keçirdiyi siyasətə, icra etdiyi nəhəng layihələrə olan marağın nəticəsidir. Ancaq ABŞ və Fransanın təmsilçilərinin toplantıda iştirak etməməsi bu ölkələrin bu cür humanist addımları dəstəkləmədiyinin bariz göstəricisidir.
Bu addımla tərəflər növbəti dəfə ikili standartlardan çıxış etdiklərini dünyaya nümayiş etdirdilər. Adıçəkilən ölkələr sülhü, sabitliyi əməldə deyil, sadəcə sözdə dəstəkləyirlər. Həmin ölkələr bölgədə humanitar prolemin həllində maraqlı deyillər. Onlar minaların hələ uzun müddət təmizlənməməsini, daha çox insanın tələf olmasını, mülki insanların xəsarət almasını, qaçqınlarımızın yurd-yuvalarına qayıtmamasını, bölgədə uzun müddət sabitliyin təmin olunmamasını arzu edirlər. Çünki, Şuşa konfransı siyasi əhəmiyyəti ilə yanaşı humanist xarakter daşıyır. Çünki, müzakirə olunan əsas mövzulardan biri çoxsaylı insanların həyatına son qoyan mina probleminin həlli yollarının araşdırılması, bu istiqamətdə ən azı humanist addımların atılmasına dəstək göstərilməsidir. ABŞ və Fransanın belə bir toplantıdan kənarda qalması onların bəşəri dəyərlərə, insan hüquqlarına, ədalət prinsiplərinə zidd davranışıdır. Digər tərəfdən, adıçəkilən dövlətlərin bu mövqeyi bölgədə separatizmi və düşmənçiliyi yaradan və təbliğ edən Ermənistanı dəstəkləmək, çoxsaylı dinc insanın mina qurbanına çevrilməsinə göz yummaq kimi xarakterizə oluna bilər. ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin davranışları beynəlxalq hüququn norma və prinsipləri, diplomatik fəaliyyətin mahiyyəti ilə də heç bir əlaqəsi yoxdu.
ABŞ və Fransanı bu səviyyədə qıcıqlandıran səbəblər nələrdir?

Əvvəla, ATƏT-in Minsk qrupunun tarixə çevrilməsi. Qarabağ münaqişəsinin sülh yoluyla həllini tapması üçün yaradılan ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə turistik səfərlərlə yadda qalmaqla, sülhün əldə olunması prosesinə heç bir töhvə verməmişdir. Dövlətimiz BMT Nizamnaməsinin, Cenevrə Konvensiyasının, Hesinki Yekun Aktının prinsiplərini öz hərbi gücünə arxalanaraq təmin etdiyi üçün Minsk qrupu gündəmdən tamamilə düşmüşdür. Bugün həmsədrlərin Minsk formatını yenidən diriltməyə cəhd etməsi fiaskoya uğrayıb. Çünki, hər nə qədər həmsədr dövlətlər, xüsusən ABŞ və Fransa qəbul etməsə belə, Qarabağ münaqişəsi mövcud deyil və status anlayışı tarixin zibilliyinə qovuşub.

Digər tərəfdən, İkinci Qarabağ müharibəsindən sonra bölgədə geosiyasi konfiqurasiya dəyişib və məğlub olmuş Ermənistanın proseslərə heç bir təsir imkanı yoxdur. Hətta Ermənistanın özü “3+3” formatı çərçivəsində Azərbaycan və Türkiyə münasibətləri bərpa etmək məcburiyyətində qalıb. Ona görə də Fransanın Ermənistandan istifadə etməklə regionda vəziyyəti dəyişməsi, yaxud mövqeyini gücləndirməsi üçün real siyasi konyuktura mövcud deyil.

Bu dövlətlərin Ermənistan üzərindən Cənubi Qafqazda Türkiyə, Rusiya, ABŞ arasında gedən geosiyasi rəqabətə qoşulmaq, Avrasiya nəqliyyat və kommunikasiya dəhlizlərinin birləşdiyi bu regiona ermənilərin vasitəsilə nəzarət imkanı əldə etmək planları alt-üst olub.

Üstəlik münaqişənin həll olması nəticəsində bölgədə güclənən Türkiyə və perspektiv olaraq, türk dünyasının birləşməsi faktoru var ki, tarixi türk düşmənçiliyi olan dövlətlər bu amili əlbəttə ki, özlərinə qarşı təhdid olaraq qəbul edirlər. Fransa uzun illər boyu Osmanlıya qarşı Yaxın və Orta Şərqdə hərbi əməliyyatlar aparıb. Amma istəyinə nail ola bilməyib. Hətta Napoleon Bonapartın belə bir sözü var idi ki, “mənə türk əsgərini verin, istənilən döyüşdə qələbə çala bilərəm.” Bu ona dəlalət edirdi ki, türk əsgəri qarşısında heç vaxt o əsgərlər tab gətirə bilməmişdilər.
Həmçinin, ölkələrində erməni diasporunun fəal mövqeyi, eləcə də Vaşinqton və Parisin Rusiyaya qarşı soyuq müharibədə İrəvandan rıçaq vasitəsi kimi istifadə etməsi tərəflərin müvafiq məsələdə Ermənistanın yanında yer almasına rəvac verir.

Adı çəkilən dövlətlərin ikili standartlara söykənən ədalətsiz mövqeyi bugünün hadisəsi deyil. Qarabağda maddi irsimiz məhv edilərkən, bir milyondan çox insanımız qaçqın həyatı yaşayarkən, ekoloji terror daxil olmaqla beynəlxalq hüququn bir çox prinsipləri düşmən tərəfindən çeynənərkən demokratiya dərsi verənlər susqunluq nümayiş etdirdi. Münaqişə dövründə ATƏT-in Minsk qrupu adı altında fəaliyyətsizliyi ilə probemi uzadan, danışıqlar adı altında imitasiya edən ölkələr bilməlidir ki, artıq onlar təsir imkanlarını itiriblər və gedən qatarın arxasınca baxmaq məcburiyyətindədirlər. Münaqişənin həllində olduğu kimi, post-münaqişə dövründə də dövlətimiz bütün missiyanı öz çiyinlərinə alaraq icra edəcək.

Züriyə Qarayeva
AzNews.az portalının siyasi şərhçisi