"Azərbaycana növbəti cəza əməliyyatı üçün əsas verilir" - Sahib Alıyev yazır

3 Sentyabr 2022 13:20 (UTC+04:00)

Prezident İlham Əliyev İtaliyanın aparıcı beyin mərkəzi "The European House – Ambrosetti”nin 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində çıxış edərkən verilən sualın qarşılığında bildirdi ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 tələbi qəbul edib və sonuncu Brüssel görüşündə bu, bir daha təsdiqlənib. Ermənistanın baş maziri Nikol Paşinyan da Brüssel danışıqlarından dərhal sonra kabinet toplantısında nə qədər çətin də olsa sülh gündəliyini qəbul etdiklərini və "bu gündəliyi reallaşdırmaq üçün qətiyyət tələb olunacağını" vurğuladı.
Bəs bunun ardınca nə baş verdi? O, Qarabağdakı separatçıları "müstəqillik günü" ilə bağlı təbrik etdi, yenə də hansısa statusdan dəm vurdu və sair və ilaxır.
Özü forpost adlandırılan bir ölkənin başsız baş naziri anlamamış olmaz ki, hay separatçılarını müstəqillik günü ilə bağlı təbriki gülməli təsir bağışlaşa da, cəzasız da qalmayacaq. Açığı mənə elə gəlir ki, Paşinyan özü də bunu istəyir.
Niyə istəyir? Brüssel görüşündə Paşinyan ABŞ-ın yeni həmsədrlik institutu yaratmaq yönündə hərəkətə keçməsinin, mollaların qırmızı xətlə bağlı mərsiyyələrinin, Fransanın min hoqqadan çıxmasının Azərbaycanın heç tükünü də tərpətmədiyini, Avropa Birliyinin mövqelərinə də o qədər də yansımadığını görüb anladı ki, cənab İlham Əliyev dediyini bütün hallarda Ermənistana etdirəcək. İndi ona lazımdır ki, xəstə topluma özünün də "Böyük Ermənistan" xülyasından əl çəkmədiyini, ancaq reallığın regionun hər baxımdan kiçik ölkəsi olmaqdan başqa onlara ayrı perspektiv vəd etmədiyini göstərsin. Bunun üçün də o, "Dəmir Yumruğun" yenidən təpələrinə endirilməsinə ehtiyac duyur.
Paşinyanın sözü gedən təbriki, ardınca Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsinə göndərilməsi və Kəlbəcərdə ordumuzun mövqelərinin, hərbi maşınların atəşə tutulması faktları da ondan xəbər verir ki, Azərbaycana növbəti cəza əməliyyatı üçün şərait yaradılır, əsas verilir. Yəni açıqca deyilir ki, gəl yenə başımızı əz.
Və istisna etmirəm ki, fırıldaqçı Vardanyanın Qarabağda peyda olması da burada az rol oynamır. Çünki Paşinyan Vardanyanın ora niyə göndərildiyini yaxşı bilir. Rusiyanın sözü gedən tipdən Köçəryanla Sərkisyan kimi Ermənistanın rəhbəri düzəltmək fikrinin olduğu kimsəyə sirr deyil və Vardanyan heç özü də bunu gizlətmir. Amma "İtiqovan" havaya qalxdıqda Köçəryanla Sərkisyan kimi həmən Vardanyanın da Qarabağda heç izi-tozu da qalmayacaq, üstəlik Xankəndində və Ermənistanın özündə yenidən mitinqlərə başlayan revanşistlərin köpü xeyli yatacaq.
Bir sözlə, məncə, yenidən nala-mıxa vurmaqla Paşinyan bizim bir gülləmizlə bir neçə çaqqal sıradan çıxartdırmağı planlaşdırır. Ancaq burada Azərbaycanın həmişə öz planına uyğun hərəkət etdiyini unudur. Belə yerdə bizdə deyirlər ki, ay səni dovşan yesin.

Sahib Alıyev,

Millət vəkili