Azərbaycanlı rejissorun filmi birinci oldu

4 İyul 2013 21:48 (UTC+04:00)
Serbiyanın Zlatibor şəhərində "Zlatibor-2013" idman filmləri üzrə ikinci beynəlxalq film festivalı keçirilib.

Bu barədə APA Azərbaycanın Serbiyadakı səfirliyinə istinadən məlumat verir. Tədbirdə Serbiya Respublikasının mədəniyyət və informasiya naziri Bratislav Petkoviç, Rusiya Federasiyasının Serbiyadakı səfiri Aleksandr Çepurin, Zlatibor şəhər meriyasının rəhbərliyi, ölkənin tanınmış mədəniyyət xadimləri, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin nümayəndələri, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin yerli ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.

Festivalda 18 ölkədən müxtəlif filmlər nümayiş etdirilib. Münsiflər heyətinin qərarına görə Azərbaycan rejissoru Rafiq Quliyevin "Çövkən" filmi idmanda ölkəmizin milli adət-ənənələrinin uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülüb. "Çövkən" filminin nümayişindən sonra mükafat və diplom Səfirliyimizin əməkdaşına təqdim edilib. Festival Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış və ölkə mətbuatında geniş işıqlandırılıb.

AzNews.az