“İbrahimbəyov heç vaxt siyasətlə məşğul olmayıb“ - Video
5 İyul 2013 07:20 (UTC+04:00)
"İsa Qəmbər konkret olaraq deyir ki, Rüstəm İbrahimbəyov Bakıya gəlsin. Mütləq gələcəyəm. Əgər mən seçkilərdə iştirak qərarı vermişəmsə, necə ola bilər ki, Bakıya gəlməyim? Bu nə söhbətlərdir, bu məsələ məni özümdən çıxarır. Vaxtı çatanda, meydana da çıxacağam. Mənə öyrətməsinlər "sən bu işi belə elə, onu belə elə".
Bunu müxalifətin yaratdığı Milli Şuranın vahid namizədi olan Rüstəm İbrahimbəyov qəzetlərə müsahibəsində deyib. Bu fikirlər Rüstəm İbrahimbəyovun bir neçə gün əvvəl İsa Qəmbərin səsləndirdiyi fikirlərə cavabı kimi qiymətləndirilir.
AzNews.az anspress-ə istinadən xəbər verir ki, bir çox politoloqlar isə hesab edir ki, əslində iki siyasətçi arasındakı bu debat artıq Milli Şuranın özündə fikir ayrılıqlarının yaranmasından xəbər verir. Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə düşünür ki, hazırda müxalifət öz nüfuzunu itirib. İndiyədək heç vaxt siyasətlə məşğul olmadığına baxmayaraq, Rüstəm İbrahimbəyov müxalifət tərəfə keçdikdən sonra onun kinodramaturq kimi dünyadakı nüfuzunu nəzərə alaraq o, vahid namizəd kimi irəli sürülüb.
Rüstəm İbrahimbəyovun daha çox Rusiyada yaşaması isə ictimaiyyətdə ona qarşı şübhə ilə yanaşmağa vadar edir. Bir çoxları onun namizədliynin məhz xarici qüvvələr tərəfindən dəstəkləndiyini istisna etmir. Bu isə ekspertlərə bu günlərdə 2-ci inqilab dövrünü yaşanan Misirdəki vəziyyəti xatırladır. Məhz Hüsnü Mübarək devrildikdən sonra "Müsəlman qardaşları"nın namizədi olan Məhəmməd Mursinin hakimiyyətə gəlməsini də xarici ölkələr dəstəkləyirdi. Lakin Mursi hakimiyyətinin 1 illiyində yenidən devrildi. Bu vəziyyət isə siyasətçiləri belə qənaətə gəlməyə vadar edir ki, xalqın yox, məhz xarici qüvvələrin dəstəyi ilə hakimiyyətə gələn şəxs uzun müddət rəhbərlikdə qala bilməz.
AzNews.az