Ermənilərin Ağzıbir mağarasından tarix oğurluğu - Laçınlı ziyalı faktları yazdı

11 Sentyabr 2022 20:14 (UTC+04:00)

Araşdırmaçı jurnalist, əslən Laçın rayonunun Qarıqışlaq kəndindən olan Taleh Şahsuvarlının Laçına səfəri çərçivəsində Qarıqışlaq kəndindəki Ağzıbir tarixi abidəsi haqqında çəkdiyi videoya baxdım.
Heyrət məni bürüdü. Ağzıbir abidəsinin içərisində başçı və yaxın iki əyan üçün nəzərdə tutulmuş daşdan yonulmuş taxt yox idi.

Qeyd edim ki, erkən sinifli cəmiyyətin yarandığı dövrə aid olduğu güman edilən Ağzıbir abidəsi kənd camaatı içərisində "Ağzıbir mağarası" kimi tanınırdı. Abidə sal qayanın içərisi yonulmuş, bir giriş qapısı və simmetrik iki oyma pəncərəsi olan qaya kompleksi idi. İçərisində baş tərəfdən qoyulmuş daş oturacaq hündür taxt və və yanlarında nisbətən aşağı səviyyədə olan digər iki daş stuldan ibarət idi. Abidənin üst yanında insan düzülüşü (çox güman əyanlar) üçün xüsusi düzəldilmiş yonulmuş uzun daş lövhə vardı. Videodan göründüyü qədər o lövhə də yoxdur. Divarlarda boya təsvirləri olmayan oymalar vardı.

Ağzıbir mağarasının yanında təsərrüfat üçün nəzərdə tutulmuş, yonulmamış daşlardan və bərkidici məhlul olmadan tikilmiş, düzbucaqlı daş qülləsi olan, tağları uçulub tökülmüş digər qaya kompleksi vardı. Həmin qaya kompleksinin önündə isə diametri 3-4 metr olan dəyirman daşı qalmışdı.
Videodan bəlli olur ki, o daş da yoxdur. Taxt qoyulan yerin qarşısında isə, dərin quyu görünür.

Əvvəllər orada quyu yox idi. Taxtvari hissə sökülüb aparıldığından onun yerində görünür. Çox güman ki, tarixi abidədə sonrakı dövrlər üçün bərpa xərcinin qızıl şəklində saxlandığını ehtimal edən ermənilər tərəfindən dövlət səviyyəsində talan törədilib. İstənilən halda ağırlığı bir neçə ton olan dəyirman daşının və daş taxtın aparılması bir neçə nəfərin işi deyil. Onları aparmaqla özlərinə zəngin tarixi keçmiş" düzəltmək istəyirlər. Ancaq Ağzıbir mağara kompleksi Cənubi Azərbaycandakı Kerefto qaya kompleksinin sanki sadə oxşarı olduğundan təbii ki, heç bir vəchlə erməni abidəsi ola bilməzdi.

Nadir Əsgərov,

Tarixçi, Laçın rayonu Qaradağlı tam orta məktəbinin direktoru