“Çingiz Qənizadə, siz məni şantaj edirsiniz“

5 İyul 2013 10:39 (UTC+04:00)
"Siz bir rayonun millət vəkilisiz, mən isə xalq artistiyəm"

Xalq artisti İlhamə Quliyeva millət vəkili Çingiz Qənizadəyə barəsində söylədiyi fikirlərə görə ikinci dəfə münasibət bildirib. Xalq artisti "Qafqazinfo"ya açıqlamasında millət vəkilinə təmsil etdiyi rayonun problemləri ilə məşğul olmağı tövsiyə edib:

"Bir daha sizə xatırlatmaq istəyirəm ki, mən sizinlə tanış deyiləm ve sizi həyatda görsəm tanımaram. Siz bir rayonun millət vəkilisiz, mən isə dövlətimizin, xalqımızın, ulu öndərimiz Heydər Əliyevin imzası ile xalq artisti və şöhrət ordeninin sahibiyəm. Dünya sülh səfiriyəm, onlarla olan titullari dilə gətirmirəm, çünki o məqamlar sizi qıcıqlandırır. Mənim səlahiyyətim sizin səlahiyyətinizdən qat-qat üstündur. Əslində mən sizi yox, siz məni şantaj edirsiniz. Unutmayın ki, mən yarım əsr xalqıma sənətimlə xidmət etmişəm. Bu, bir igidin ömrüdür. Bəli, mən çox illərdir 7 köçkün ailəsinə sahiblik edirəm. Çörəyimin bir qismini yeməyib onlara halallıqla yedizdirirəm. Yedizdirirəm kəlməsini hər kəs öz səviyyəsində başa düşür. Əgər mənim nə vaxtsa xalqıma qarşı bir günahım olarsa, mən heç bu dünyada yaşamaram. Sizə guya mənim müsahibəmə görə onlarla telefon zəngləri olub, mənim üçün isə bütün xalq ayağa qalxıb. Fikirləşin, görün bu nə ilə nəticələnə bilər. Deyəsən siz də Azərbaycan şou aləminə qatılmaq fikrindəsiniz. Mən sizə məsləhət görərdim, hansı rayonu təmsil edirsinizsə, bir millət vəkili kimi oranın problemləri ilə məşğul olasınız. Bir də ki gəlin ictimaiyyət arasına çıxaq, görək sizi tanıyırlar, yoxsa məni? O ki qaldı mənim yaşlı qadın olmağıma, sizə arzu edirəm ki, mənim qədər yaşayasınız... Mənim üçün isə yaşın heç bir fərqi yoxdur".

AzNews.az