Davamlı nəşr olunmayan qəzetlərdə çalışan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək

26 Sentyabr 2022 18:45 (UTC+04:00)

İşlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə ilə bağlı jurnalistin Media Reyestrinə daxil edilib-edilməyəcəyi müəyyənləşdiriləcək.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

Jurnalistin işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə “Media haqqında” qanunda nəzərdə tutulmuş müddətdən artıq olduqda jurnalistlərin Reyestrə daxil edilməsindən imtina olunacaq.

Qanuna əsasən, bu müddət aşağıdakı kimidir:

- 1 (bir) il ərzində 12 (on iki) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər;

- 1 (bir) il ərzində 9 (doqquz) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər;

- 1 (bir) il ərzində 6 (altı) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər;

Qeyd edək ki, yuxarıda qeyd olunan qəzetlər davamlı yayımlanan nəşr hesab olunur.