UTİ POSSİDETİS!

27 Sentyabr 2022 14:52 (UTC+04:00)

27 sentyabr 2022-ci il, saat 01.30.

Cəmi bir neçə saat sonra, səhər çağlarında İkinci Qarabağ müharibəsinin başlamasından iki il ötəcək.

Müharibə Azərbaycanın tarixi zəfəri ilə bitib. Allah bütün şəhidlərimizə rəhmət etsin, Azərbaycan Silahlı Qüvvələri Ermənistanı kapitulyasiya imzalamağa vadar etdi. 10 noyabr 2022-ci ildə imzalanan Üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiya aktı olduğunu həmin ölkənin eks-prezindenti Levon Ter-Petrosyan da dünən telekanallardan açıq-açıq etiraf edir və öz cəmiyyətini Azərbaycanla, Türkiyə ilə sülh sazişi bağlamağa səsləyirdi.

Girişdə göstərdiyimiz saatda isə, İrəvan saytlarından “armenianreport” Ermənistanın baş naziri Nikol Paşinyanın Parisdə, Fransa prezidenti Emmanuel Makronla görüşdükdən sonra mətbuata açıqlamasını yaymışdı.

Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün “ərazi bütövlüyü” amilini qabardır, 8 dekabr 1991-ci ildə imzalanmış Belovej Sazişinə istinad edir. Bu, SSRİ-nin rəsmən dağılmasını və MDB-nin yaradılmasını təsdiq edən sənəddir.

Ermənistan MDB-yə 1991-ci ilin 26 dekabrında, Azərbaycan 23 sentyabr 1993-cü ildə MDB-yə qoşulub.

Nikol Paşinyan Parisdə deyir:

“Hər iki ölkə hələ də MDB-nin üzvüdür. Bu sazişin məzmunu ondan ibarətdir ki, mövcud inzibati sərhədlər, əslində, dövlət sərhədlərinə çevrilir və Sazişə qoşulmuş dövlətlər bu sərhədləri tanıyır”.

Belovej Sazişinə baxaq.

Sazişin 5-ci bəndində yazılıb.

“Razılığa gələn Yüksək Tərəflər bir-birinin ərazi bütövlüyünü və Birlik daxilində mövcud sərhədlərin toxunulmazlığını tanıyır və hörmət edir. Onlar sərhədlərin açıqlığına, vətəndaşların sərbəst hərəkətinə və Birlik daxilində məlumatların ötürülməsinə zəmanət verirlər”.

Suallar meydana çıxır.

Əvvəla, Belovej Sazişi İrəvan hakimiyyətləri üçün belə dəyərli idisə, nədən bizim MDB-yə qoşulduğumuz tarixdən hesablasaq, 27 il ərzində Ermənistan ərazi guya bütövlüyümüzü tanıdığı, sərhədlərin toxunulmazlığı prinsipinə hörmət etdiyi halda, Azərbaycanın torpaqlarını işğal altında saxlayırdı?

İkincisi, nədən hələ də Ermənistan Xankəndi və çevrəsindən 44 günlük savaşda darmadağın olunmuş işğalçı ordusunun qalıqlarını çıxarmır və Ümtərəfli Bəyanatla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib Zəngəzur dəhlizini açmır? Axı Belovej razılaşmasında söhbət həm də sərhədlərin açıqlığından, MDB-yə üzv ölkələrin vətəndaşlarının sərbəst hərəkətindən gedir?!.

Üçüncüsü, elə həmin sazişdə nəzərdə tutulub ki, üzv dövlətlər öz ərazisindəki etnik azlıqların dini və mədəni hüquqlarının qorunmasına, onların mövcudiyyətlərinin qorunmasına təminat verir. Belə bir təminat olduğu təqdirdə, Ermənistan nə haqla Azərbaycandan Xankəndi və çevrəsindəki ermənilər üçün xüsusi status istəyir?

Əlbəttə, bu sualların cavabı məlumdur. Ermənistan ötən dövr ərzində Belovej sazişinin şərtlərinə əməl etməyib, etmək fikrində də olmayıb, MDB ölü doğulmuş qurumdur.

İlk baxışdan belə qənaət yarana bilər ki, Nikol Azərbaycanın yaratdığı yeni hərbi-siyasi reallıq qarşısında erməni cəmiyyətini sülhə hazırlamaq, “əşi, mən nə edim, hələ MDB-yə üzv olarkən biz Azərbaycanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını tanımışıq” demək üçün Belovej arqumentinə müraciət edir.

Lakin məsələ bu qədər sadə deyil.

Çünki həm Azərbaycan, həm də Ermənistanın üzv olduğu beynəlxalq təşkilatlar- BMT, ATƏT, Avropa Şurası, MDB var. Ancaq bu qurumların heç birinə üzvlük “Azərbaycanla Ermənistan arasında sərhəd haradan keçir” sualına cavab tapmayıb. Bu suala dövlətlər özləri cavab tapmalıdır.

Bu terminə diqqət edin: UTİ POSSİDETİS JÜRİS!

Bu termin sərhədlərin müəyyən edilməsində, sərhəd mübahisələrinin çözülməsində istifadə edilən, "as you possess, so shall you possess", yəni “sahib olduğun qədər sahib olacaqsan” qaydasını müəyyənləşdirən beynəlxalq hüquq prinsipidir.

Prinsip dövlət sərhədlərinin delimitasiyası ilə əlaqədardır, müstəqilliyin əldə olunması prosesi ilə bağlı ərazi məsələlərini əhatə edir.

Beynəlxalq hüquq uzmanlarına istinad etsək, “uti possidetis”in rolu yeni yaranmış suveren dövlətlərin sərhədlərini onlara miras qalmış keçmiş inzibati sərhədlər əsasında müəyyən etməkdir.

Sözügedən prinsipə görə, yeni yaranan dövlətlərin suverenliyi müstəqillik əldə etməzdən öncəki hüquqi-inzibati əraziləri əhatə etməlidir.

Bizim münaqişəyə gəlsək, “uti possidetis” prinsipinə əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü müstəqillikdən öncəki rəsmi sərhədləri əsasında tanımalıdırlar.

Biz bu günə qədər Ermənistandan məhz bu prinsipə əməl etməyi, heç zaman Ermənistana məxsus olmamış keçmiş DQMV-ni Azərbaycanın ayrılmaz hissəsi kimi tanımağı, suveren ərazilərimizdə erməni separatizminə dəstək verməməyi, Azərbaycanın iç işlərinə qarışmamağı, necə deyərlər, dilini dinməz yerinə qoyub öz yerində oturmağı tələb edirdik.

Nikol Paşinyan Belovej sazişindən qabaq və əsas məsələ kimi məhz bu prinsipdən danışmalı, sülh sazişinin imzalanması, sərhədlərin demarkasiya və delimitasiyası, yəni ÜMUMİDƏN XÜSUSİYƏ DOĞRU addımlar atılması üçün əsas formul “uti possidetis” olmalıdır.

Əlbəttə, yeni yaranmış dövlətlərin ərazilərinin delimitasiyası çox mürəkkəb və ağrılı prosesdir. Ancaq bu prosesi aparmaq üçün beynəlxalq təcrübə və meyarlar da mövcuddur.

Azərbaycan xeyli vaxtdır ki, sərhədlərin müəyyənləşməsi üçün İşçi Qrupların yaradılmasını israr edir. Bu qrupun işi nə olacaq? Azərbaycanın da, Ermənistanın da üzvü olduğu ATƏT-in sərhədlərin demarkasiya və delimitasiyası üzrə təkliflərində bu cür işçi qrupların vəzifələri sadalanır. Onlardan bəzilərini yada salaq:

Bu əsas parametrlərə baxdıqda bir daha məlum olur ki, sərhədlərin müəyyən edilməsində rəsmi İrəvanın qeyri-konstruktiv mövqe tutması Birinci Qarabağ münaqişəsi dövründə Ermənistan öz sərhədlərini “irəli çəkməklə” ərazilərini genişləndirməsi ilə bağlıdır. Elə bu ay baş verən “Zəngəzur döyüşləri” zamanı İrəvanın rəsmi Bakını guya Ermənistan torpaqlarına girməkdə ittiham etməsinin də səbəbi bu idi. Azərbaycanın öz qanuni torpaqlarında möhkəmlənməsinə Ermənistan “təcavüz donu” geyindirməyə çalışır. Bəli, Ermənistan sərhədlərin müəyyənləşməsi prosesində xəritələrdən və tarixi mirasdan qorxur. Çünki SSRİ dövründə bir çox məntəqələri ələ keçirib və bu dolayı işğal xəritələrdə, mirasda, sərhəddəki azərbaycanlıların yaşamında əks olunub.

Nıkol Paşınyan soruşur: Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaq istədiyi bir xəritə varmı?

Əgər Ermənistanın 1920-ci illərdəki xəritəsi ilə 40-cı illlərdəki, 50-ci illərdəki xəritəsi ilə 90-cı illərdəki, müstəqilliyin ilk dövründəki atlasları ilə indiki atlasları eynidirsə, Ermənistanın inzibati sərhədlərində dəyişiklik yoxdursa, demarkasiya və demilitasiyanın müxtəlif xəritələrə əsasən aparılmasından İrəvan niyə narahatdır?

Taleh ŞAHSUVARLI

AzNews.az analitik-informasiya portalının baş redaktoru