Gürcüstan XİN Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb

28 Sentyabr 2022 20:13 (UTC+04:00)

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb.

Aznews.az xəbər verir ki, bəyanatda Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə gəlişindən və Suxumidə işğalçı rejiminin nümayəndələri ilə görüşündən dərin narahatlıq ifadə olunub.

Qeyd olunub ki, Belarus Prezidentinin səfəri Gürcüstanın dövlət sərhədinin, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və XİN bu səfəri pisləyir.

“Biz Belarus tərəfini suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olan bu cür hərəkətlərə yol verməməyə çağırırıq”, - deyə XİN-in bəyanatında bildirilib.