Rusiya “Şimal axını”ndakı sızma ilə bağlı ABŞ-ı günahlandırır

29 Sentyabr 2022 12:35 (UTC+04:00)

Rusiya “Şimal axını 1” və 2-ci boru kəmərlərindəki sızmalarla bağlı ABŞ-ı hədəfə alıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib.

Rusiya XİN “Şimal axını” boru kəmərlərindəki sızmaların ABŞ xüsusi xidmət orqanlarının nəzarətində olan ərazidə baş verdiyini bildirib.

Dünən Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski sosial media hesabında “Şimal axını”nda qaz sızmasının görüntüsünü paylaşaraq “ABŞ-a təşəkkür edirəm” yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sikorskinin açıqlamasına istinad edərək, bunun terror hücumu olduğuna dair rəsmi açıqlamanın olub-olmaması ilə maraqlandığını deyib.

Rusiyanın “Şimal axını 1” və 2-ci boru kəmərlərində baş verən partlayışlar qazın qiymətinin qlobal səviyyədə yüksəlməsinə səbəb olub. Partlayışların təxribat olduğu düşünülür. Qərb liderləri Putini günahlandırır, Rusiya isə təxribatda ABŞ-ın məsuliyyət daşıdığını düşünür.

Züriyə Qarayeva