Prezident İlham Əliyev: “Ağdam işğal illəri zamanı tamamilə məhv edilib”

5 Oktyabr 2022 11:53 (UTC+04:00)

“Ağdam işğal illəri zamanı tamamilə məhv edilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı forum iştirakçılarını salamlayıb: “Ağdama xoş gəlmisiniz. Mən çox şadam ki, biz bu forumu burada - vaxtilə Ağdam şəhərinin yerləşdiyi yerdə təşkil etmişik. İndi gördüyünüz kimi, şəhərdən əsər-əlamət qalmayıb. Ağdam Qarabağın ən böyük şəhəri olub. O, Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal illərində dağıdılıb”.

Azərbaycan Prezidenti şəhərin işğal illərində tamamilə dağıdıldığını, tikililərin daşlarının oğurlandığını və satıldığını vurğulayıb: “Cümə məscidində ermənilər donuz, inək saxlayırdılar. Ağdamda gördüklərinizi Qarabağ regionunun hər bir şəhərində görmək olar”.

Prezident İlham Əliyev Füzuli, Cəbrayıl, Qubadlı şəhərlərinin də tamamilə dağıdıldığını diqqətə çatdırıb.