İctimai Palata Milli Şuraya birləşir

6 İyul 2013 07:28 (UTC+04:00)
İP-in rayon təşkilatları Milli Şuraya həvalə ediləcək

Ötən ay Milli Şurasının yaradılmasının ardından ortaya çıxan əsas suallardan biri 2010-ci il parlament seçkilərindən sonra yaradılmış İctimai Palatanın bundan sonrakı taleyinin necə olacağı ilə bağlı idi.

İP nümayəndələri açıqlamalarında bildirirdilər ki, Milli Şuranın yaranması bu qurumun fəaliyyətinə heç bir dağıdıcı təsir göstərməyəcək və İP öz işini davam etdirəcək. Milli Şuranın yaranmasının ardından aydın oldu ki, İP siyasi gündəmin arxa planına keçdi. Artıq bu qurumun fəaliyyəti və mövcudluğunun əhəmiyyəti ciddi sual doğuran məsələyə çevrilib.

Bəs, İP-in bundan sonrakı taleyi necə olacaq? Qurum mövcudluğunu formal olaraq qorumağa davam edəcək, yoxsa Milli Şuranın tərkibinə qatılmaqla bağlı qərar verəcək?

Bu barədə AzNews.az-a açıqlama verən İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bildirib ki, İctimai Palata proseslərin əvvəlindən Milli Şuranın yaradılmasını və fəaliyyətini dəstəkləyib və indi də MŞ böyük ölçüdə İP üzvlərindən təşkil olunub.

Sabiq deputatın sözlərinə görə, hazırda İP-in buraxılması müzakirə mövzusu olmasa da, qurumun əsas fəaliyyətini Milli Şuraya dəstəyə yönəltməsi mümkündür: "İctimai Palatanın rayon təşkilatlarının Milli Şuraya həvalə edilməsi, onun seçki təbliğatında İP üzvlərinin aktiv iştirakı barədə qurumda heç bir fikir ayrılığı yoxdur".

P.Hüseyn deyib ki, İP KŞ üzvləri arasında qurumun kifayət qədər formalaşdırılmış rayon təşkilatlarının Milli Şuraya həvalə edilməsi ilə bağlı heç bir narazılıq yoxdur: "Bu məsələ Milli Şura yaradılandan sonra da mən tərəfdən səsləndirilmişdi. Belə bir halın mümkünlüyünü demişdim. Həmin zaman da Koordinasiya Şurası üzvləri arasında bu məsələ ilə bağlı heç bir narazılıq olmamışdı. İctimai Palatanın bütün rayon təşkilatları Milli Şuraya həvalə edilə bilər".

Anar
AzNews.az