“İbrahimbəyov Rusiya qarşısında öhdəliklərini yerinə yetirirdi”

6 İyul 2013 08:16 (UTC+04:00)
"Rüstəm İbrahimbəyov indiyə qədər Azərbaycan Konstitusiyasını və "Vətəndaşlıq haqqında" qanunu pozub. Çünki Azərbaycanda ikili vətəndaşlıq institutu yoxdur".

Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə deyib. O, R.İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Deputatın sözlərinə görə, digər ölkələrin vətəndaşlığını qəbul edən şəxs avtomatik surətdə Azərbaycan vətəndaşlığından imtina etməlidir. R.İbrahimbəyov isə bunu etməyərək qanunu pozub: "Əgər o indiyə qədər Rusiya vətəndaşı idisə, şübhəsiz, Rusiya qarşısında vətəndaş kimi öhdəliklərini yerinə yetirirdi, vergi ödəyirdi, seçkilərdə iştirak edirdi və s".

A.Mirzəzadə xatırladıb ki, Azərbaycan Konstitusiyasına görə digər ölkə qarısında öhdəlikləri olan şəxs seçkilərdə namizəd ola bilməz: "Rüstəm İbrahimbəyov müstəqillik illərində Azərbaycanda çox nadir hallarda görünüb. Bu baxımdan onun Azərbaycan vətəndaşı kimi seçkilərdə iştirakı, vergi ödəməsi, həmçinin, Azərbaycan dövlət quruculuğuna töhvəsinin özü çox böyük sual doğurur".

Deputat deyib ki, bu hal R.İbrahimbəyovun Kontitustiya və qanunlara, vətəndaş kimi üzərinə düşən öhdəliklərə hörmətsizliyidir: "Radikal müxalifətin vahid namizədi kimi ortaya çıxan Rüstəm İbrahimbəyovun indidən qanunlara, vətəndaş kimi öhdəliklərə sayğısız yanaşdığı üzə çıxır. Bir müddət əvvəl o işğal edilmiş ərzilərimizin hərbi yolla azad ediməsini cinayət adlandırmışdı, indi onun ikili vətəndaşlığı üzə çıxır, belə gedərsə, vahid namizədin digər özəllikləri barədə də məlumatlar gözləniləndir".

Anar
AzNews.az