QHT-lərin maliyyə problemi yarandı

6 İyul 2013 14:30 (UTC+04:00)
Azərbaycanda 3800 qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib.

Lakin onlardan cəmi 1000-i normal fəaliyyət göstərə bilir. Bu barədə AzNews.az-a Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib. Onun sözlərinə görə, ölkədə QHT-lərin fəaliyyəti üçün normal şərait yoxdur: "Milli QHT Forumunun daimi ofisi yoxdur. Hətta QHT-lərə Dövlət Dəstəyi Şurası da ofis olmadan fəaliyyət göstərir. Ölkə üzrə 1 dənə də fakt yoxdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edən hansısa QHT ofislə təmin edilsin".

R.Zeyninin sözlərinə görə, milli QHT-lər əvvəllər olduğu kimi indi də maliyyə sıxıntısı ilə üz-üzə qalıb: "Əvvəllər QHT-lər beynəlxalq donorların təşkil etdiyi layihələrə qatılmaqla yaşayırdılar. Onlar isə milli mənafeləri müdafiə edən layihələrə qrant ayırmırdılar. Prezidentin dəstəyi ilə artıq Azərbaycan dövləti özü müəyyən qədər vəsait ayırır. Yəni, problemin həll olunduğu görüntüsü yaranır. Əslində isə belə deyil. Milli QHT-lərin problemləri yenə qalır. Çünki QHT-lərin inkişafi üçün mühit problemi var. Xüsusən regionlarda bu, daha çox hiss olunur".

Ruhiyyə
AzNews.az