“Texniki heyət”, yoxsa “Xaosun legionerləri”?- ANALİZ

19 Oktyabr 2022 15:47 (UTC+04:00)

İrəvan mediasının yazdığına görə, Avropa İttifaqının Ermənistana göndərdiyi 40 nəfərlik müşahidəçi missiyası artıq Azərbaycanla nəzəri sərhəddə fəaliyyətə başlayıb. Avropa İttifaqından “texniki müşahidəçi qrupu”nun Ermənistan ərazisinə göndərilməsi oktyabr ayının əvvəllərində Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan, Fransa, Avropa İttifaqı Şurasının prezidentləri və Ermənistanın baş naziri arasında keçirilən dördtərəfli danışıqlarda razılaşdırılmışdı. Yelisey Sarayından verilən açıqlamaya görə, həmin danışıqlar zamanı Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü rəsmən tanıyıb. Elə bu görüşdə Ermənistan bölgəyə beynəlxalq müşahidəçilər cəlb etmək təklifi ilə çıxış edib, lakin Azərbaycan “sərhədlərin demarkasiya və delimitasiya prosesinə töhfə vermək üçün” Avropa İttifaqının göndərəcəyi “texniki heyəti” öz ərazisində görmək istəməyib.

SSRİ dağıldıqdan və keçmiş sovet respublikaları müstəqil dövlətə çevrildikdən sonra Azərbaycan və Ermənistan arasında dəqiqləşdirilmiş sərhəd xətti olmayıb. Buna Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və bu iddialar müqabilində Azərbaycan torpaqlarını işğal etməsi, təxminən 30 il boyunca bir çox yaşayış məntəqələri kimi, SSRİ dövründə açıq olmuş sərhəd zolağını da işğal etməsi olub. 2020-ci ildə baş verən 44 günlük Vətən Savaşından sonra Azərbaycan işğal altında olan torpaqlarının böyük bir hissəsini hərbi yolla azad edib və daha sonra bir neçə dəfə mövqelərin dəqiqləşdirilməsi üçün əməliyyat aparıb. Bu əməliyyatların keçirilməsinə zərurət ilk növbədə ona görə meydana çıxıb ki, Ermənistan “münaqişənin bitmədiyini” beynəlxalq aləmə car çəkmək, Azərbaycanı yeni eskalasiyada ittiham etmək üçün atəşkəs rejimini sistemli şəkildə pozub. Ermənistanın İkinci Qarabağ Savaşında darmadağın edilmiş ordusunun qalıqları kəşfiyyat-diversiya fəaliyyəti apararaq mövqelərimiz arasında əlaqəni kəsmək üçün Azərbaycan torpaqlarına 2021-ci ildə, yəni 44 günlük müharibədən sonra istehsal olunmuş minalar basdırmaqdan da çəkinməyib. Nəticədə, düşmənin Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini mina və snayper terroruna məruz qoymaq cəhdləri cavabsız qalmayıb və müzəffər ordu “Dəmir Yumruğun” yerində olduğunu daha bir dəfə Ermənistan Müdafiə Nazirliyinə xatırlatmalı olub.Bundan əlavə və ən başlıcası, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Ermənistan sərhədlərini xeyli “irəli çəkib” və SSRİ dövründə şəksiz-şübhəsiz Azərbaycana məxsus olmuş kəndlərin, yaylaqların və digər ərazilərin heç də tamamını geri qaytarmayıb. Odur ki, Azərbaycan müharibədə qələbə qazandıqdan dərhal sonra Ermənistana sərhədlərin demarkasiya və delimitasiya prosesinə başlamağı təklif edib. Lakin rəsmi İrəvan müxtəlif manevrlərlə prosesi ləngitməyə və pozmağa çalışıb.

Avropa İttifaqından göndərilən və aydın məsələdir, heç də “texnik”lərdən ibarət olmayan, böyük ehtimalla hərbi mütəxəssislərin və xüsusi xidmət orqanlarının əməkdaşlarının cəmləşdirildiyi heyətin Azərbaycanla sərhəd zonasına gəlməsi və orada monitorinq aparmasının sülh prosesinə hansısa ciddi töhfələr verəcəyi şübhəlidir. Bu şübhə ondan qaynaqlanır ki, nəinki Avropa İttifaqının, ümumən “Kollektiv Qərb”in əlində Azərbaycan və Ermənistan arasında sərhədlərin hansı nöqtələrdən keçdiyini təsdiqləyən atlaslar yoxdur. Həmçinin SSRİ dövründə sovet respublikaları arasında açıq olan sərhədlər də zaman-zaman dəyişdirilib və dəyişikliklər Azərbaycan xalqının iradəsi əleyhinə baş verib. 18 oktyabr 1991-ci ildə qəbul olunan “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda və digər təsis sənədlərində respublikamızın 1918- 20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu xüsusi vurğulanıb. Ancaq məsələ ondadır ki, AXC-nin sərhədləri SSRİ dövründə dəfələrlə kiçilib və hətta tarixi Zəngəzur mahalının qərb hissəsi bolşevik Lenin hakimiyyətinin təzyiqi ilə “kommunist hədiyyəsi olaraq” Ermənistana verilib. Bütün bunlar Azərbaycan və Ermənistan arasındakı sərhəd xəttinin dəqiqləşməsi prosesinin kifayət qədər mürəkkəb xarakter daşıdığını, tarixi irsə və sənədlərə, o cümlədən dəqiq xəritələrə əsaslanmalı olduğunu bir daha təsdiq edir. Bu cür topoqrafik xəritələr isə, Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətə gətirən Corc Sorosun Açıq Cəmiyyət İnstitutunun ofislərində, sadəcə olaraq, yoxdur!

Ermənistanın baş naziri Nikol Paşinyan istər öz açıqlama və müsahibələrində, istərsə də Rusiyanın vasitəçiliyi ilə gerçəkləşməyən digər danışıqlarda dəfələrlə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dirçəldilməsi və bölgəyə beynəlxalq sülhməramlılar kontingentinin yerləşdirilməsi zərurətindən bəhs edib. ATƏT-in Minsk Qrupu yarandığı gündən bəri Qarabağ münaqişəsinin dinc yolla həllində heç bir konkret nəticəyə nail olmayıb və Azərbaycan öz torpaqlarını legitim müdafiə hüququndan yararlanmaqla azad edib. Ötən dövrdə Minsk Qrupu faktiki olaraq münaqişəni konservləşdirməyə çalışmaqla Ermənistanın işğalçılıq strategiyasına xidmət göstərib. Bu səbəbdən də rəsmi Bakı ATƏT-in Minsk Qrupunun yenidən dirçəldilməsinə imkan vermək niyyətində deyil. Prezident İlham Əliyev bu barədə dəfələrlə öz qəti mövqeyini ifadə edib və bu mövqenin nəzərə alınmasının nəticəsidir ki, danışıqlar prosesində Qərb adına vasitəçilik missiyasını əsasən Avropa İttifaqı öz üzərinə götürüb. Avropa İttifaqının vasitəçiliyi siyasi çərçivədə qaldığı müddətdə Azərbaycan üçün məqbul və səmərəlidir. Çünki rəsmi Bakı Ermənistana təklif etdiyi Sülh Sazişinin əsas məzmununu universal beynəlxalq hüququn prinsipləri təşkil edir. Lakin Ermənistan həm təklif olunan Sülh Sazişini imzalamaqdan yayınır, həm də regiona Qərbdən hərbi kontingent gətirməklə, necə deyərlər, “köhnə bazara təzə nırx qoymağa”, yeni status-kvo yaratmağa çalışır.

Ermənistanın Avropa İttifaqından bu gün öz ərazilərinə gətirdiyi “texniki müşahidəçilər heyəti” elə Nikol Paşinyanın bəyanatlarından da göründüyü kimi, KTMT ərazisinə, başqa sözlə, Rusiyanın birbaşa nüfuz dairəsində olan bir ölkəyə “kollektiv Qərb”in silahlı bölmələrinin yerləşdirilməsi prosesinin başlanğıcıdır. Xankəndidə günlərini sayan seperatçı-cinayətkar rejimin “xarici işlər naziri” David Babayanın yaxın qohumu olan bloqqer Nairi Oxikyanın iddiasına görə, ABŞ Rusiyanın hərbi bazalarının Ermənistandan çıxarılması müqabilində Nikol Paşinyana 20 milyard dollar məbləğində yardım göstərməyə vəd edib. Bu, əlbəttə, bir bloqqetin fantaziyasının məhsulu deyil, daha çox ABŞ-dakı erməni diasporundan Qarabağ klanına sızmış ciddi informasiyadır. Bu iddianın ABŞ Nümayəndələr Palatasının sədri Nensi Polesinin İrəvana səfəri ərəfəsində aktuallaşması diqqət çəkən məqam olmaqla, yüksək ranqlı amerikan siyasətçinin Ermənistandan Rusiyaya meydan oxuması “Ağ ev”in başı Ukraynaya qarışmış Rusiya prezidenti Vladimir Putinə “bax ha, Nikol bizim adamdır” mesajını verməsi deməkdir. Bəli, vassal xəyanət edir və vassalın xəyanəti Kreml elitası və Rusiyanın siyasi analitiklərinin diqqətindən yayına bilməz. Məhz bu xəyanətin davamlılğına inandığı üçün beynəlxalq münasibətlər sisteminin cığal nümayəndəsi kimi tanınan Fransanın prezidenti Emmanuel Makron Rusiya əleyhinə banal cümlələr qurmaq və vulqar ifadələr işlətməklə Ermənistanın müdafiəsinə qalxır. Nensi Polesinin Nikolun çiyninə qoyduğu qırışmış əllərindən və Arazın cənub sahillərində təlimlərə başlayan, İrəvan kimi Rusiyaya arxa çevirərək Qərblə sövdələşən İranın duasından aldığı cəsarətlə Ermənistandakı sorosçuların Vladimir Putini qaldırdığı plakatla təhqir etmiş daha bir nümayəndəsi- Ararat Mirzoyan rusiyalı həmkarına diş göstərir və...

Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Astana toplantısında masaya xitab və Belovej sazişinə işarə edərək iştirakçıların MDB-nin sərhədlərinin tanınıb-tanınmamasını soruşdu. Bu, Belovej sazişini heçə sayaraq Ukrayna ərazilərini Rusiyaya birləşdirmiş Vladimir Putinə dolayısı ilə “işğalçı” demək idi. Ancaq Azərbaycanı işğalçılıqda suçlamaq üçün Belovej sazişinə və Almatı Bəyannaməsinə istinad edən Nikol Paşinyanın manipulyasiyası elə də işə yaramadı. Astana toplantısından dərhal sonra İrəvan mediası Nikola xatırlatmağa başladı ki, Ermənistan parlamenti Almatı Bəyannaməsini qeyd-şərtlə, yəni “Dağlıq Qarabağ”a Ermənistanın ərazi iddiasını təkrar edərək təsdiqləyib. Bununla da Nikol Paşinyan dilemma qarşısında qalıb: o, sərhədlərin demarkasiya və delimitasiya prosesində ya Azərbaycanın bütün xəritələri nəzərdən keçirmək təklifi ilə razılaşmalı, ya da Almatı Bəyanatını yenidən ratifikasiya edərək “qeyd-şərti” aradan qaldırmalıdır.
Reallıq isə bundan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı hər hansı şərt irəli sürmək, o cümlədən Qarabağ savaşının nəticəsi olaraq imzaladığı kapitulyasiya aktından- Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən uzun müddət yayınmaq potensialına malik deyil. Naxçıvanla quru əlaqələrini bərpa etmək üçün Nikol Paşinyan “Bakıya sərhəddə keçid təklif edirik” desə də, Üçtərəfli Bəyanatı imzalayarkən üzərinə götürdüyü öhdəlik konkretdir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə MANEƏSİZ hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir”.
Bəs, rəsmi Bakı harada və kimin vasitəçiliyi ilə keçirilməsindən asılı olmayaraq danışıqlarda Ermənistana nə təklif edir? Təsdiqlənmiş məlumatlara əsasən, Prezident İlham Əliyev sturukturlaşdırılmış danışıqların predmeti olaraq dörd əsas istiqamət müəyyən edib:

- Sülh müqaviləsi.

- Sərhədlərin delimitasiyası.

- Kommunikasiyaların açılması.

- İtkin düşmüş şəxslər və minalar problemi da daxil olmaqla, bütövlükdə humanitar məsələlər.

Proseslər göstərir ki, Nikol Paşinyan bu istiqamətlərin heç biri üzrə ardıcıl siyasi xətt yürütmür, müxtəlif ölkələrin paytaxtlarında, hətta görüşləri təşkil edən vasitəçi dövlət başçılarının və dünyanın nüfuzlu siyasətçilərin yanında üzərinə götürdüyü öhdəlikləri İrəvana çatan kimi “unudur”. Bu isə, “rəngli inqilabçı”nın fərdi yaddaş pozğunluğundan deyil, erməni xislətindəki pozğunluqdan- satqınlıqdan qaynaqlanır, hərçənd Ermənistandakı Soros mediası bunu öz liderlərinin “müxtəlif geopolitik güclər arasında manevr etmək məharəti” kimi təqdim edir. 44 günlük müharibədən öncə Şuşada “Yallı” gedən Nikol Paşinyan indi də beynəlxalq masaların önündə qol qaldıraraq Azərbaycanı yeni hərbi əməliyyatlar aparmağa təhrik edir. Azərbaycan Müdafiə Nazirliyini Ermənistanın Kəlbəcər və Laçın istiqamətlərində hərbi qüvvə cəmləməsi barədə açıqladığı məlumatlar da bu qənaəti bir daha təsdiq edir. Azərbaycan Silahlı Qüvvələrinin qarşısında bir neçə gün davam gətirməyə taqəti olmayan Ermənistanın bu provakativ davranışları, əlbəttə, normal məntiqə ziddir. Ancaq məsələnin kökünü məntiqdə yox, Türkiyəni, İranı, Rusiyanı Cənubi Qafqazda münaqişəyə cəlb etməklə bağlı dünyanı xaosla idarə etmək planlarında axtarmaq lazımdır.

“İntibah” Sosial-siyasi araşdırmalar və Təhlil Mərkəzi